Seçkilərdə iştirak etməyən partiyaların ləğv olunması ilə bağlı müddəa layihədən çıxarılır, əvəzində layihəyə partiyaları seçkilərdə iştiraka həvəsləndirici maddə salınır.
İctimairey.az xəbər verir ki, bunu Milli Məclisin İctimai birliklər və dini qurumlar, Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin birgə iclasında “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.
O qeyd edib ki, bundan sonra Mərkəzi Seçki Komissiyasına maliyyə hesabatını “0” kimi göstərən partiyalar gəlirlərini dövlət büdcəsindən maliyyə yardımı almaq üçün düzgün təqdim etməkdə maraqlı olacaqlar:
“Layihədən partiya təsisçilərinin 20 il ölkədə daimi yaşamasına dair norma tamamilə çıxarılıb, üzv sayına dair tələb isə 10 mindən 5 minə endirilib ki, bu da ölkə üzrə seçicilərin 1 faizindən də azı deməkdir. Bu da Venesiya Komissiyasının tövsiyələrinə uyğundur. 200 təsisçi tələbi tamamilə ortadan qalxıb”.
Komitə sədri bildirib ki, bundan sonrakı dövrdə qeydiyyatdan keçmiş siyasi partiyaların yenidən təşkili üçün müddət 2 dəfə artırılır.