“Bu qətnamənin Azərbaycanın özünə və mövqeyinə heç bir mənfi təsiri olmayacaq”

0

Azərbaycan müstəqillik qazandıqdan sonra uzun illər ərzində Fransa ilə səmimi dost və müttəfiqlik siyasəti yürütməyə çalışıb. Lakin rəsmi Bakının bütün cəhdlərinə və xoş məramına baxmayaraq ötən illər ərzində Fransa dövlətini və xüsusən də onun parlament qanadını haqq yoluna gətirmək mümkün olmadı. Çünki Fransa “əhliləşmə”si mümkün olmayan, ermənipərəstlik mərəzindən, xristian təəssübkeşliyindən, türkofobiya mövqeyindən heç cürə əl çəkə bilməyən və yaxud, əl çəkmək istəməyən ölkələr qrupuna aiddir. Bu bir aksiomadır və biz bundan sonra hər nə qədər səy göstərsək də, Fransa dövləti hazırkı kursundan əl çəkməyəcək. Biz bu acı həqiqətlə barışmalıyıq.

Dünən Fransa Senatında Azərbaycana qarşı qəbul olunan qətnamə də bu acı həqiqətin bir tərkib hissəsidir. Hərçənd ki, sözügedən qətnamənin heç bir hüquqi qüvvəsi yoxdur və bu sənədin müddəaları Azərbaycan üçün məcburi xarakter daşımır, ancaq bütün hallarda Fransa senatorlarının məlum sənədə yekdilliklə səs verməsi Fransa-Azərbaycan münasibətlərini zədələmək, korlamaq üçün yetərlidir. Bu baxımdan, kimlərsə deyirsə ki, məlum qətnamənin qəbul edilməsi Fransa-Azərbaycan münasibətlərinə xələl gətirməyəcək, heç bir mənfi təsir göstərməyəcək, onlar ciddi şəkildə yanılırlar.

Azərbaycanın Fransa senatorlarının bu cür rüsvayçı davranışına göz yummaq fikri yoxdur. Makron hökuməti öz ənənəsinə uyğun olaraq həmişəki kimi yenə də riyakarlıq edib senatorların bu cür təxribatçl addımına səssiz qala bilər, ancaq rəsmi Bakının səbr limiti isə heç də hüdudsuz deyil. Azərbaycan bu qətnamənin qəbul edilməsindən özü üçün ciddi nəticələr çıxaracaq və Fransa ilə bağlı siyasətinə əsaslı korrektələr edəcək. Özünü sülhyaradıcı, vasitəçi, arbitr qismində görən, Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması üçün guya səy göstərən Fransa tərəfsizlik və neytrallıq, ədalət və obyektivlik prinsiplərini bu cür kobud şəkildə pozursa və açıq-aşkar Ermənistanın, separatçı ermənilərin maraqlarına uyğun siyasət yürütdüyünü əməli olaraq nümayiş etdirirsə, o zaman Fransa prezidenti də, siyasi elitası da bilməlidir ki, artıq Fransanın hər hansı formada vasitəçiliyi Azərbaycan üçün məqbul və arzuolunan deyil.

Fransa dövlətinin siyasətini fransız xalqının seçdiyi prezident və parlamentarilər yox, Fransadakı güclü erməni lobbisi və diasporu müəyyən edirsə, bizə belə bir dövlətin vasitəçiliyi əsla lazım deyil. Əlbəttə, bu qətnamənin Azərbaycanın özünə və mövqeyinə heç bir mənfi təsiri olmayacaq. Lakin biz bundan sonra Fransaya münasibətdə necə davranmalı olduğumuzu artıq çox gözəl bilirik. Əslində biz bu qətnaməni qəbul edən şərəfsiz senatorlara etirazımızı bildirməklə yanaşı, həm də təşəkkür etməliyik. Bilirsiniz niyə? Çünki Senatin bu addımının bizim üçün mənfi tərəfləri ilə bərabər, faydası da var. Senatorlar anti-Azərbaycan xarakterli qətnaməyə səs verməklə Fransa dövlətinin və siyasi sisteminin sonuncu maskalarını da yırtdılar. Bu qətnamə Fransa siyasətinin güzgüsüdür, vitrinidir. İndi kimin kim olduğu, hansı ölkənin haqqın (Azərbaycanın) yanında, hansının isə şərin (Ermənistanın) yanında yer aldığı artıq tam şəkildə bəllidir.

Ona görə də biz bundan sonra Fransaya qarşı adekvat siyasət yürüdəcəyik. Fransa özünü ikinci erməni dövləti kimi aparırsa, biz də bu ölkə ilə gərəkən şəkildə davranacayıq. Fransanın Azərbaycandakı siyasi, iqtisadi, mədəni maraqları ciddi şəkildə sarsılacaq. Tarixindən qan daman, lakin özünü “demokratiyanın beşiyi” kimi, beynəlxalq hüququn qarantorlarından biri kimi təqdim edən Fransa Azərbaycana qarşı haqsız mövqe tutduğuna görə Türk-İslam dünyasının da təpkiləri ilə üzləşəcək.

Ermənistanın 30 il ərzində Azərbaycan torpaqlarını işğal altında saxlamasına, mədəni və təbii sərvətlərimizi talan etməsinə, xalqımıza qarşı soyqırımları törətməsinə göz yuman fransız senatorların bu ədalətsizliyi sonda Fransanın özünə çox ciddi zərər yetirəcək. Əlbəttə, Makronun və senatorların Cənubi Qafqazın lider ölkəsinə qarşı hazırkı yanlış siyasəti erməniləri sevindirə bilər. Lakin Fransa kimi böyük bir dövlətin erməni lobbisinin əlində oyuncağa çevrilməsi heç şübhəsiz ki, günün birində fransız xalqını da düşündürməyə, narahat etməyə başlayacaq.

Fransız siyasətçiləri ermənipərəstlik edə bilər, amma bütün fransız xalqının ermənipərəstlik mərəzinə tutulması qeyri-mümkündür. Odur ki, biz fransız xalqının Fransanın milli maraqlarını erməni siyasətinə qurban verənlərdən hesab soracağına əminik. Makronun fransız xalqının maraqlarına zidd olan siyasəti Fransanın özünə qarşı çevriləndə, biz Parisin küçələrini öz ağuşuna alan növbəti “Sarıjiletlilər hərəkatı”nın şahidlərinə çevriləcəyik.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »