Türkiyədə uzun müddətdir ki, heç bir böyük sarsıntı və terror hadisəsi baş verməyib. Sonuncu böyük terror aktı 2015-ci ilin dekabrına təsadüf edir. Hücum PKK-nın kürd silahlıları tərəfindən təşkil edilmişdi. Nəticədə 44 nəfər həlak olmuş, 166 nəfər yaralanmışdı. Sonuncu terror aktı yenidən İstanbula təhlükəli şəhər statusunu qaytarır. İstiqlal prospektində baş verən partlayışın miqyası 7 il əvvəl Beşiktaşda olduğundan daha kiçikdir – 6 nəfər ölüb, 81 nəfər yaralanıb, lakin iz yenidən bölgədə bədnam kürd hərəkatına aparıb çıxarır.
Axar.az xəbər verir ki, bu barədə “Vestnik Kavkaza” məlumat yayıb.
“Türkiyə DİN qüvvələri artıq 46 şübhəlini saxlayıb. Daxili işlər naziri Süleyman Soylu hücumun təşkili ilə bağlı göstərişin Suriyanın şimalındakı Kobani şəhərindən gəldiyini bildirib. Kürd “Xalq Müdafiə Birlikləri”nin bazalarından biri də məhz orada yerləşir. Hücumda kürd ekstremistlərinin iştirakı ilə bağlı versiya kifayət qədər real görünür. Türkiyə şimal sərhədinə kürd qoşunlarının nəzarətində təhlükə görür. Cənubdakı güclü suriyalı kürdlər Türkiyə kürdlərinə dəstək verə bilər ki, bu da türk torpaqları hesabına Kürdüstanın yaradılması təhlükəsi deməkdir. Suriya kürdləri ilə bağlı hər şey Ankarada ABŞ-la əlaqələndirilir. Və bu, məntiqlidir. Axı Türkiyə ordusu Afrində və Zayefratyada əməliyyatlar aparanda Ağ Ev bu hərəkətləri kəskin şəkildə pisləyib. Hətta ABŞ-ın keçmiş rəhbəri Tramp Türkiyəni onun iqtisadiyyatını məhv etməklə hədələyib. Bu hərbi əməliyyatlar fonunda ABŞ Türkiyənin allüminium və poladına tariflər tətbiq edib, Avropa isə silah tədarükünü məhdudlaşdırıb. Beləliklə, ABŞ və AB Ankaranın terrorçu hesab etdiyi şəxsləri dəstəkləyir. Suriyada “Xalq Müdafiə Birlikləri”nin nəzarətində olan ərazilərdə İŞİD-ə qarşı mübarizə bəhanəsi ilə qurulan Amerika hərbi bazaları var”, – məlumatda deyilir.
Qeyd olunur ki, Amerikanın təsirini nəzərə alsaq, Türkiyə Daxili İşlər Nazirliyinin Vaşinqtona qarşı ittihamlar səsləndirməsi təəccüblü deyil:
“ABŞ-ın İstanbuldakı terror aktı ilə bağlı başsağlığı mesajı Türkiyə hakimiyyəti tərəfindən partlayışın təşkilində iştirakına işarə kimi qəbul edilib. Soylu ABŞ-ı da günahlandırıb və deyib ki, Ağ Evdən gələn başsağlığı mesajı qatilin cinayət yerində görünməsinə bənzəyir. Soylunun ittihamlarının Ankaranın NATO-dakı əsas tərəfdaşı ilə münasibətlərinə təsir edib-etməyəcəyi maraq doğuran sualdır. Türkiyə artıq ABŞ-ı kürd dəstələrini dəstəkləməkdə ittiham edib, lakin bu dəfə Ankara sponsorluqdan yox, Türkiyə vətəndaşlarının qətlinin təşkilindən danışır. Ola bilsin ki, iki NATO ölkəsi arasında münasibətlərin səviyyəsi o qədər pisləşib ki, hətta türkiyəli nazirlər də hər şeyi adı ilə çağırmaqdan çəkinmirlər. Terror aktı, şübhəsiz ki, Türkiyə ilə ABŞ arasında münasibətlərdəki böhranı daha da dərinləşdirəcək. Bəlkə də Ərdoğanı ŞƏT ölkələri, xüsusən də Rusiya ilə ticarət və tərəfdaşlıq yolu ilə Qərblə münasibətləri şaxələndirmək yolunda düzgün seçim olduğuna bir daha inandıracaq”.