Tarixdə “İran” adlı dövlət olmayıb – Alim

0

Tarixdə İran adlı dövlət olmayıb. İran adlı dövlət Pəhləvilər sülaləsi hakimiyyətə gələndən 10 il sonra, 1935-ci ildə elan olunub. 1979-cu ildən isə İran İslam Respublikası adlanır.

Bu sözləri Kult.az-a açıqlamasında tarixçi Ziyad Əmrahov deyib.

“Bu dövlətin adı 1501-ci ildən 1736-cı ilə kimi Azərbaycan Səfəvilər dövləti idi. Ondan əvvəl Ağqoyunlu, Qaraqoyunlu, Eldənizlər dövlətləri şəklində mövcud olub. Daha əvvəl isə Səlcuqlardan danışmaq lazım gəlir. Yəni İran adından söhbət gedə bilməz.

Səfəvilər dövləti bugünkü İranın da ərazisi daxil olmaqla, 2,8 milyon kv.km-ya malik idi. 1736-cı ildə bu imperiya süquta uğradı və türk sülaləsi olan Əfşarlar hakimiyyətə gəldi. Nadir şah Əfşar 1736-1747-ci illərdə Əfşarlar dövlətini idarə edib. Təəssüf ki, Nadir şahın qurduğu böyük imperiya uzun müddət yaşamadı. 1747-ci ildə şaha edilmiş sui-qəsddən sonra artıq bu ərazilərdə müstəqil və yarımmüstəqil xanlıqlar meydana gəldi. Azərbaycanın həm şimalında, həm də cənubunda təxminən 20-yə qədər xanlıq, sultanlıq və sonrakı dövrdə məliklərin olduğunu görürük. Bu, bütövlükdə Azərbaycan ərazisində idi”, – alim bildirib.

Onun sözlərinə görə, bu xanlıqlar yarandıqdan sonra Azərbaycan türk sülaləsi olan Qacarlar Azərbaycanı birləşdirmək uğrunda mübarizəyə başlayıblar:

“Bu mübarizə isə nəticəsiz olur. Bu dövrdə Çar Rusiyasının Qafqaza artan hərbi müdaxilələri Qacarların vahid Azərbaycan yaratmaq siyasətini iflasa uğradır. Rusiya ilə 1801-ci ildə başlayan bu müharibə xırda fasilələrlə 1828-ci ilə qədər davam edir.

Çar Rusiyasının hərbi üstünlüyü demək olar ki, Qacarların məğlubiyyəti ilə nəticələnir. Müharibənin birinci mərhələsi 1804-1813-cü illəri əhatə edir. Qacarlarla Çar Rusiyası arasında 1813-cü il oktyabrın 12-də “Gülüstan” sülh müqaviləsi imzalanır. Bu müqavilədə İran adı nə coğrafi, nə də siyasi məhfum olaraq keçir. Müqavilənin şərtlərinə görə, Arazdan şimaldakı Azərbaycan əraziləri İrəvan və Naxçıvan xanlıqları istisna olmaqla, Çar Rusiyasının, Arazdan cənubdakı torpaqlar isə Qacarlar dövlətinin tərkibində qalır.

Müharibənin ikinci mərhələsində – 1826-1828-ci ildə yenə də Qacarların vahid Azərbaycan uğrunda apardığı siyasəti iflasa uğrayır. Müharibə Çar Rusiyasının üstünlüyü ilə 1828-ci il 10 fevralda “Türkmənçay” müqaviləsinin imzalanması ilə başa çatır. “Türkmənçay” sazişi “Gülüstan” müqaviləsindən fərqlənir, Naxçıvan və İrəvan da Çar Rusiyasının tabeliyinə keçir. Arazdan cənubdakı Azərbaycan torpaqları – Təbriz, Marağa, Ərdəbil, Urmiya, Xoy, Miyanə və Xorasana qədər bütün torpaqlar Qacarlar sülaləsinin tərkibində qalır. Beləliklə, vahid Azərbaycan parçalanır və tarixi-coğrafi bölgüdə Şimali və Cənubi Azərbaycan terminləri meydana çıxır”, – tarixçi bildirib.

Z.Əmrahov xüsusi olaraq vurğulayıb ki, Azərbaycan “İran” adı daşıyan bir dövlətlə heç vaxt birgə olmayıb:

“Hazırda İran adlanan dövlətin hansı əsasla Səfəvi və yaxud Əfşar və Qacarların mirasına iddia etdiyi bəlli deyil. O mirasa iddia edəcək millət yalnız türklər ola bilər. Yəni İran sadəcə, 1935-ci ildə yaranmış bir dövlətdir”.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »