Azərbaycan hamını sülhə töhfə verməyə çağırır! – MHP Bəyanat verib

0

Milli Həmrəylik Partiyası Bəyanat yayıb

Böyük Qələbəmizin – 44 günlük Vətən Müharibəsində qazandığımız parlaq Zəfərin ikinci ili tamam olur. Biz Milli Həmrəylik Partriyasi olaraq bütün xalqımızı, dünyadakı bütün soydaşlarımızı, rəşadətli əsgər və zabitlərimizi, qəhrəman qazilərimizi və 44 gün ərzində əsl sərkərdəlik qabiliyyətini, diplomat və siyasətçi müdrikliyini ortaya qoyan, hərbi strateq bacarıqlarını nümayiş etdirən cənab Ali Baş Komandanımız İlham Əliyevi 8 Noyabr − Zəfər Günü ilə əlaqədar təbrik edirik!

İstər 44 günlük əks-hücum əməliyyatının özü, istərsə də Şuşanın işğaldan azad edilməsi ilə möhürü vurulan Zəfər Günü tariximizin ən önəmli bir parçası kimi qan yaddaşımızda və dərsliklərdə yer alacaq. Bəli, Zəfər Günü hər bir azərbaycanlı üçün xüsusi gündür, özəl təqvimdir. Çünki bizi böyük Zəfərə doğru aparan 44 gün ərzində millətimizin oyanışını, dirçəlişini müşahidə etdik. Bu bizim Millətimizin, Dövlətimizin və Ordumuzun 30 il davam edən işğala qarşı, işğalçılara qarşı, onların havadarlarına (Minsk Qrupu üçlüyünə və digər imperialist güclərə) qarşı Böyük Cihadı idi. Azərbaycan xalqı, Azərbaycan dövləti və Azərbaycan əsgəri işğalla, ədalətsizliklə barışmadığını bütün dünyaya nümayiş etdirdi.

Azərbaycan tarixində uğur və qələbə günləri çoxdur. Zəfər Günü isə təkdir. Çünki bu günü digərlərindən fərqləndirən, önə çıxaran çox özəl səbəblər, müstəsnalıqlar var. Biz Zəfər Gününə sadəcə hərbi qələbə bayramı kimi baxmırıq. Əziz şəhidlərimizin qanı ilə yoğrulmuş, hərbçilərimizin misilsiz şücaəti ilə ərsəyə gəlmiş bu bayram ilk növbədə bütün millətimizin həmrəylik bayramıdır. Zəfər Günü milli həmrəyliyimizin ən üst zirvəyə yüksəldiyi gündür. Nə qədim dövrlərdə, nədəki son minillik hərb tariximizdə heç vaxt bu cür ümummilli həmrəylik, milli birlik nümunəsi müşahidə olunmayıb.

44 gün ərzində belə mükəmməl birlik modelini ortaya qoya bilməyimizin bir səbəbi 30 il davam edən gözlənti və həsrət nəticəsində millətimizin qələbəyə susamasından, yurda tamarzılığından qaynaqlanırdısa, bir digər səbəbi də Prezident və Ali Baş Komandanımız İlham Əliyevin birləşdirici lider missiyasını çox uğurla yerinə yetirə bilməsi ilə bağlı idi.

Milli birlik öz-özünə yaranmır. Həmrəylik birdən-birə formalaşmır. Bir xalqın milli həmrəylik zirvəsinə yüksəlməsi, millətləşməsi üçün birləşdirici gücün, xalqı böyük hədəflərə doğru yönəldə bilən bir liderin olması da həddindən artıq vacibdir. Tarixdə şəxsiyyətin rolu bax bu məqamda ortaya çıxır, özünü göstərir. İlham Əliyev də 44 günlük müharibə zamanı nümayiş etdirdiyi birləşdiricilik, barışdırıcılıq keyfiyyətləri ilə tarixdə şəxsiyyətin əvəzolunmaz rola malik olduğunu bir daha təsdiqlədi.

Təməli 44 günlük Vətən Müharibəsi ilə qoyulan böyük milli birlik, həmrəylik dalğası bir qədər dəyişik şəkildə bu gün də davam edir. İkinci Qarabağ müharibəsi günlərində Müzəffər Ordumuzu dəstəkləyən, Ali Baş Komandanımızın yanında yer alan siyasi qüvvələr bu gün də eyni mövqedən çıxış etməyə davam edirlər. Çünki siyasi partiyalar həm qalib ölkəmizə qarşı xarici təzyiqlərin gündən-günə artmasının və qələbəmizin Fransa, İran, Hindistan və sair ermənipərəst ölkələrin liderləri, siyasi elitaları tərəfindən həzm olunmamasının fərqindədir, həm də sərhədlərin delimitasiyası, yekun sülh sazişinin imzalanması, işğaldan azad edilən ərazilərdə böyük tikinti, bərpa işlərinin həyata keçirilməsi və nəhayət, Böyük Qayıdışın təmin edilməsi üçün milli birlik kursunu davam etdirməyimizin hava-su kimi vacibliyini dərk edirlər.

Biz də Milli Həmrəylik Partiyası olaraq ənənəvi birlik, həmrəylik xəttimizi bundan sonra da davam etdirəcəyimizi bəyan edirik. Partiyamızın çoxsaylı üzvləri bundan sonra da Ordumuzu və Ali Baş Komandanımızı dəstəkləməyə davam edəcək.

Biz Ermənistanın revanşist qüvvələrinin məğlubiyyətlə barışmaq istəmədiklərini görürük. Biz erməni xalqının kilsə tərəfindən beyni və ruhu türkofobiya ilə, millətçi və irqçi ideyalarla, işğalçı çağırışlarla zəhərlənmiş kəsiminin ərazi iddialarından əl çəkmədiklərini də görürük. Biz xarici ölkələrdə kök salmış və böyük şəbəkəyə çevrilmiş erməni diasporunun, erməni lobbisinin və erməni terror təşkilatlarının niyyət və hədəflərindən də xəbərdarıq. Biz onu da hiss edirik Ermənistanın hazırkı avantürist baş naziri Nikol Paşinyanın eyni vaxtda iki “stul”da oturmaq istəməsi, həm Rusiyanın, həm də Qərbin (Brüsselin, Parisin, Vaşinqtonun)maraqları üzərindən hiyləgər manevrlər etməsi və eləcə də üçtərəfli razılaşmaların şərtlərini yerinə yetirməkdən boyun qaçırması 12-13 sentyabr sərhəd döyüşlərinin yenidən təkrarlanması ilə nəticələnə bilər. Vyetnamdan tutmuş Əlcəzairə qədər dünyanın ən müxtəlif coğrafiyalarında qanlı qırğınlar, soyqırımları törətmiş Fransa kimi neokolonialist və neoimperialist bir ölkənin lideri Emmanuel Makronun bütün siyasi və diplomatik etiket normalarını pozaraq Azərbaycanı “təcavüzkarlıq”da ittiham etməsinin və “biz Fransa olaraq Ermənistanı tək qoymayacağıq” deməsinin şahidiyik.

Eləcə də qonşu İranın fars-molla rejiminin maskalarını yerə ataraq işğalçı Ermənistana açıq-aşkar himayəçilik etməsi, Azərbaycana qarşı təhdid ritorikasından çıxış etməsi, İranın ali dini liderinin mifik “qırmızı xətt”lərdən dəm vurması hər birimizin gözləri önündə baş verir.

Biz yaxın-uzaq düşmənlərimizin bütün bu kimi rüsvayçı davranışlarını, ermənipərəst bəyanatlarını və ölkəmizə qarşı ünvanlanan hədələrini qətiyyətlə rədd edirik və Zəfər Günü ərəfəsində bir daha bəyan edirik ki, istər xalq olaraq, istərsə də siyasi qüvvələr olaraq yenə də Ordumuzun yanındayıq və Prezident İlham Əliyevin yürütdüyü siyasəti dəstəkləməyə davam edəcəyik! Bizim milli birliyimizi, həmrəyliyimizi heç bir qüvvə poza bilməz!

Fürsətdən istifadə edib dostlarımızı da, Fransa kimi, İran kimi ermənipərəst ölkələrin liderlərini də erməni xalqını və müxalifətini münaqişə və müharibəyə meyllilikdən əl çəkməyə təşviq etməyə, rəsmi İrəvanı Azərbaycanın təklif etdiyi 5 təməl prinsip əsasında sülh danışıqları apararaq yekun sülh sazişinin bağlanmasına doğru istiqamətləndirməyə çağırırıq. Xalqlar, ölkələr arasında nifaq salmaq, müharibələr törətmək asandır. Bacarırsınızsa, müharibə mələkləri, müharibə sponsorları kimi yox, sülh elçiləri kimi çıxış edin, erməni xalqını və Ermənistan dövlətini orta əsrlərin terror, vandalizm və işğalçılıq psixologiyasından əl çəkməyə sövq edin, Cənubi Qafqaza sülh gətirin! Azərbaycan hamını sülhə töhfə verməyə çağırır!

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »