Bu gün Nikol Paşinyanın siyasəti kökündən dəyişib. Son 30 ildə Ermənistanın heç bir keçmiş prezidenti Rusiyanın maraqlarına qarşı çıxış etməyib.
Axar.az xəbər verir ki, bunu erməni politoloq Yervand Bozoyan deyib.
“Bütün hakimiyyət nümayəndələri daha çox rusiyayönümlü, daha az qərbyönlü siyasət aparmağa çalışıblar. Çünki Ermənistanın Rusiya kimi təhlükəsizlik çətiri var idi. Bu gün isə Ermənistan Qərblə Rusiya arasında qarşıdurma mərkəzlərindən birinə çevrilib. Nikol Paşinyan bunun onun üçün faydalı ola biləcəyini düşünür, amma yox. Bundan ancaq Azərbaycan qazanır, çünki müharibədə qalib gələn tərəfdir. Belə rəqabət yalnız qalib tərəf üçün faydalıdır. Belə çıxır ki, Nikol Paşinyan burada da uduzub. O, öz seçimini etdi, Qərbə gedir, Rusiya buna dözməyəcək”, – o bildirib.