Divali bayramında qəlblər Nizaməddin ziyarətgahında nur tapır

0

(Dr Şücaat Əli Quadri)

Dini bayramlar sosial mənşəyindən və inancından asılı olmayaraq insanları yaxınlaşdırır. Bayram vaxtı insanlar savaşmaq əvəzinə qəlblərində bir-birini bağışlayaraq, birlikdə sevinir və bayram edirlər. Dehlidəki Həzrət Nizaməddin Övliya ziyarətgahı da Divali bayramı ərəfəsində və bayram günü belə bir əhval-ruhiyyənin hökm sürdüyü mərkəzə çevrilir.

Bazar ertəsi günü bütün Hindistanın şənliklər keçirdiyi bir vaxtda Həzrət Nizaməddin ziyarətgahı işıqlarla və diya adlanan gil çıraqlarla bəzədilmişdi. Uzaq yerlərdən gələn insanlar ziyarətgahın hər küncündə bu çıraqları yandırıb, ölkədə əmin-amanlıq üçün dualar edirdilər.

Ziyarətgahın rəhbəri Nazim Nizaminin dediyinə görə, hindular hər il “Eid əl Çarağan” kimi tanınan işıq bayramını qeyd etmək üçün ziyarətgaha gələrək burada Divali çıraqlarını yandırır və şirniyyatlar paylayırlar. “Onlar, həmçinin Həzrət Nizaməddinin xeyir-duasını almaq üçün diyaları və ya şamları evlərinə aparırlar”, – o deyib.

Divali ziyarətgahının tarixi və ruhu

Nazim Nizami deyir ki, Divalinin bu ziyarətgahda keçirilməsinin tarixi elə ziyarətgahın özü qədər qədimdir.

“Lakin ziyarətgah bu bayramı özü təşkil etmir. Hindu qardaşlar öz istəkləri ilə bura gəlir, diyaları yandırır və şirniyyat paylayırlar. Yerli sakinlər onlara kömək edir və onların bayramlarına qoşulurlar, çünki bu, ürəkdən gələn bir jestdir, sevgi və qardaşlıq hisslərini yaymaq məqsədi daşıyır. Onlar bu münasibətlə Həzrət Nizaməddindən xeyir-dua diləyir və ziyarətgahın ətrafını işıqlarla bəzələyirlər. Divali bayramında bütün ətraf roşniyə (işığa) bürünür. Bu isə gözəl mənzərə yaradır”, – deyə Nizami bildirib.

Nizami əlavə edir ki, bir çox hindular evlərinə bir və ya iki diya aparırlar, çünki onlar bununla Övliyanın onların bayramlarına xeyir-dua verəcəyinə inanırlar.

Bəziləri inanır ki, ziyarətgahda çıraqların (diyaların) yandırılması orta əsrlərdə müxtəlif padşahlar və yerli qəbilə başçılar arasında gedən müharibələr zamanı sülhə çağırış kimi başlayıb.

Tarixçi Xoca Əhməd Nizami Həzrət Nizaməddin haqqında yazdığı dastanında Divali (Caşn-e-Çarağan və ya Roşni-e-Zeest) bayramını qeyd etmişdir.

Məhbub-i İlahi adı ilə tanınan Xoca Nizaməddin Əvliyənin şagirdi sufi şairi Əmir Xüsrav sevimli Əvliyəsi ilə birlikdə Rəng bayramına aid farsca, eləcə də brac dilində çoxsaylı şeirlər yazıb.

O, pəhləvi dilində yazdığı üç misradan ibarət şerində həm Rəng bayramı, həm də Roşni-e-Zeest, yəni Divali bayramının onun qəlbinə yaxın olduğunu qeyd edir:

Bir bayram həyatın rənglərini

Digəri isə həyatın işığını göstərir

Bu iki bayram buna görə çox əzizdir mənim üçün

Lakşmi Puca bayramında ziyarətgahın cığırları boyunca və müsəlmanların çadırlarının ətrafında çıraqlar yandırılır. Mavzoley təkcə Lakşmi Puca bayramında deyil, həm də Bhai Duc və digər dini günlərdə parlaq rəngli paltarlar geyinmiş insanlarla dolu olur.

Ziyarətgahda, həmçinin çıraqların işıqları altında Dua-e-Roşni, yəni işıq duaları oxunur.

Qeyri-müsəlman dindarların münasibəti

Divalidən bir gün əvvəl çıraqları ilə ziyarətgaha gəlmiş bir neçə qeyri-müsəlman dindar “Times of India” qəzetinə müsahiblərində Nizaməddinə olan sevgilərinin onlar üçün şəxsi olduğundan adlarının çəkilməsini istəməyiblər. Lakin onlar bildiriblər ki, onların ziyarətgaha gəlməsi dinlə bağlı deyil.

“Əsas məqsəd başqa heç bir yerdə tapılmayan sülhü burada tapmaqdır. Bunu yalnız yaşamaq lazımdır – bu təsvir edilə bilinməyən bir hissdir”, – onlardan biri deyib.

Başqa bir hindu ziyarətçi isə gildən hazırlanmış çırağı yandıraraq əlavə edir: “Nizaməddin ziyarətgahında işıq hamı üçün parlayır.”

Sufi övliyasının dəfn olunduğu yer həmişə müxtəlif dinlərdən olan insanları özünə cəlb edib. Nizami deyir: “Müxtəlif dinlərdən olan insanlar Divali bayramı ilə yanaşı digər günlərdə də Məhbub-e İlahi (Allahın sevimlisi) Xoca Nizaməddin Övliyaya öz məhəbbətlərini ifadə etmək üçün bayram əhval-ruhiyyəsi ilə buraya gəlirlər. Hətta Basant (Çərpələng) festivalında da burada müxtəlif dinlərdən insanları cəlb edən proqramlar təşkil olunur”.

“Sufilər Hindistana gələndən bəri biz hamıya yalnız qida, xoş niyyət, birgə yaşamağı və birgə şənliklər təşkil etməyi təklif etmişik. Biz bunu davam etdirəcəyik”, – o deyir.

(Müəllif Hindistanın Müsəlman Tələbələr Təşkilatının sədri və icma rəhbəridir)

Leave A Reply

Your email address will not be published.

Tərcümə »