“Fərqli fikirlərin, fərqli yanaşmaların ortaya çıxmasına normal baxmaq lazımdır”

0

Bu gün Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsi ilə bağlı ilk ictimai dinləmə keçirildi. Layihə ilə bağlı müzakirələrdə parlamentdə təmsil olunan və parlamentdən kənar siyasi partiyaların nümayəndələri iştirak edirdilər. Mən də Milli Həmrəylik Partiyasının sədri olaraq müzakirəyə qatıldım.

Belə bir müzakirənin təşkil edilməsinə görə Milli Məclisin rəhbərliyinə təşəkkür edirik. Biz Milli Həmrəylik Partiyası olaraq “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını və fəaliyyətdə olan siyasi partiyaların konseptual müzakirəyə dəvət edilməsini yüksək qiymətləndirir, layihənin özünü isə partiyaların güclənməsi üçün yeni imkanlar açan çox önəmli bir sənəd kimi, mütərəqqi məzmunlu layihə kimi təqdir edirik.

Bu baxımdan, biz bəzi opponentlərimizin qanun layihəsinin siyasi partiyaların fəaliyyətinin məhdudlaşdırılmasına xidmət etdiyi barədə iddialarla qətiyyən razı deyilik və belələrinə baxış bucaqlarını dəyişməyi təklif edirik. İndi ənənəvi inkarçılıq mövqeyindən əl çəkməyin vaxtıdır. Yeni dövr və yeni çağırışlar heç şübhəsiz ki, partiya sədrlərindən də yeni yanaşmalar tələb edir. Köhnə qanunun nəyə görə yenisi ilə əvəz edilməsinin labüdlüyünə də ilk növbədə məhz bu rakursdan yanaşmaq lazımdır.

Bildiyiniz kimi hal-hazırda qüvvədə olan “Siyasi partiyalar haqqında” mövcud qanun 1992-ci ildə qəbul edilib. Aradan düz 30 il vaxt keçib. Və ötən müddət ərzində həm dünyanın geosiyasi mənzərəsi, həm də ölkəmizin ictimai-siyasi reallıqları kökündən dəyişib. İndi biz yeni çağırışlarla üz-üzəyik. 44 günlük Vətən müharibəsində Qələbə qazanmağımız da ölkənin ictimai-siyasi mühitinə xeyli dəyişikliklər, yeniliklər gətirib, yeni reallıqlar formalaşıb. Köhnə qanunu isə yeni reallıqlara uyğunlaşdırmaq heç cürə mümkün deyil. Ayrı-ayrı maddələrə hər nə qədər düzəlişlər və əlavələr edilsə də belə, lakin bütövlükdə o qanun günümüzün tələblərinə qətiyyən cavab vermir.

Prezident İlham Əliyevin siyasi iradəsi ilə davam etdirilən islahatlar və formalaşmaqda olan yeni siyasi konfiqurasiya istər-istəməz mövcud qanunun da dəyişilməsini qaçılmaz edir. Proseslər onu göstərir ki, hakimiyyət özü də siyasi partiyaların institutlaşmasında, onların fəallığının və siyasi proseslərdəki rolunun artırılmasında maraqlı olduğuna görə partiyaların böyüməsinə və güclənməsinə təkan verən yeni qanunun qəbul edilməsinin vacibliyini qəbul edir. Ona görə də, “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi artıq inkarolunmaz bir zərurətə çevrilib.

Bu mənada, yeni qanun layihəsinin müzakirəyə çıxarılmasını qaralamaq yox, alqışlamaq lazımdır. Əlbəttə, cəmiyyətdə və xüsusən də müxalif siyasi qüvvələr arasında sözügedən qanun layihəsinin ayrı-ayrı müddəalarına münasibət birmənalı deyil. Bəzi siyasi partiyalar tərəfindən bu layihə tənqidlə qarşılanmışdı və elə bu günkü müzakirə zamanı da müəyyən tənqidi fikirlər səsləndirildi. Bu da normaldır, təbiidir. Çünki biz demokratik cəmiyyətdə yaşayırıq. Fərqli fikirlərin, fərqli yanaşmaların ortaya çıxmasına normal baxmaq lazımdır. Bizim də bu yeni qanun layihəsində razılaşmadığımız bəzi məqamlar var. Lakin bütövlükdə isə biz bu yeni sənədi demokratiyaya doğru önəmli bir addım kimi qiymətləndiririk.

Elə bu müzakirələrin özü də ölkədə demokratiyanın inkişafına, siyasi dialoqun dərinləşməsinə xidmət edir və bu gün müzakirəyə qatılan bütün siyasi qüvvələr yeni qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını ölkədə həyata keçirilən siyasi islahatların məntiqinə uyğun gələn bir addım kimi qiymətləndirdilər. 44 günlük Vətən Müharibəsinin gedişində Müzəffər Azərbaycan Ordusu və Ali Baş Komandan ilə sıx siyasi birlik, milli həmrəylik nümayiş etdirən siyasi partiyalar, bu gün də sözügedən “Siyasi partiyalar haqqında” yeni qanunun qəbul edilməsi təşəbbüsünü dəstəkləməklə növbəti dəfə həmrəylik mövqeyini ortaya qoydular. Biz əminik ki, layihə ilə bağlı növbəti müzakirələr daha da səmərəli keçəcək və partiyaların təklifləri də nəzərə alınmaqla sonda mükəmməl bir sənəd kimi Milli Məclisin plenar iclasına təqdim olunacaq.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »