Azərbaycana qarşı diplomatik-siyasi təzyiq həlledici mərhələyə daxil olub. Belə bir vaxtda Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan birbaşa Zəngilana, Cəbrayıla gəldi. Onun ən yüksək protokolla Prezident İlham Əliyevlə görüşməsi ölkəmizə edilən hücumlara zərbə vurdu. Ermənistan ərazilərinin ələ keçirilməsindən danışan Avropa Parlamenti, AŞPA və onlarla dövlətin XİN-ləri, qlobal medianın apardığı kampaniyanın üzərinə Avropa Birliyindən Ermənistana 40 nəfərlik hərbi taborun gəlməsi, dünənsə ATƏT-in kəşfiyyat missiyasının İrəvanda mənzillənməsi, 18 oktyabrdan İran ordusunun başlatdığı hərbi təlimlər bütövlükdə regionda silahlı toqquşmalara zəmin hazırlayır.
Oxu.az xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Zahid Oruc deyib.
O bildirib ki, Qərbin məqsədi Rusiyaya qarşı ikinci cəbhə açmaqdır. Millət vəkili qeyd edib ki, Qərb Ağdamda yerləşən Rusiya-Türkiyə hərbi mərkəzini bölgədən çıxarıb NATO qüvvələrini sərhədə yerləşdirmək istəyir.
“Lakin Ali Baş Komandan İlham Əliyev Şuşa Bəyannaməsini Ermənistana deyil, ölkəmizə və Türkiyəyə təhlükə törədən dövlətlərə qarşı imzalayıb. Qərbin hazırkı mülki kontingenti İranın yanlış siyasətinə görə regiona gəldi. Son 30 ildə o bölgələrdə bir dəfə də olsun hərbi təlim keçirməyən bir dövlət Ermənistanın maraqlarına xidmət edəndə bilməliydi ki, bir gün qarşısında NATO emissarlarını görəcək”, – deyə deputat əlavə edib.
Zahid Oruc hesab edir ki, İranda baş örtüyü tələbinə qarşı ayağa qalxan milyonlarla insanın etirazını söndürməmiş Araz çayını keçməyi məşq etməyin hədəfi Azərbaycan ola bilməz.
“İran ordusu Zəngəzur dəhlizinin deyil, Araz koridorunun açılması təhlükəsini qabaqlamaq üçün İrəvanı tutmağa çalışır. Bizim İranla dövlətlərarası sərhədlərimiz müəyyənləşib, lakin kimsə Ermənistan kimi İranla da yeni sərhəd istəyirsə, tarixi geriyə çevirər. Qoşunlarını sərhədə yığıb oranı cəbhə xəttinə çevirmək Ermənistanı Qafqazın Ukraynasına, Yaxın Şərqin Suriyasına döndərər”, – deyə o şərh edib.
Zahid Oruc bildirib ki, Ermənistana ən yaxşı təhlükəsizlik təminatını Azərbaycan və Türkiyə verə bilər.
“Əgər onlar avantüraya gedib sülh müqaviləsini imzalamasalar, Ermənistan özü koridora çevriləcək, – deyə deputat fikrini yekunlaşdırıb.