Ukraynanın işğalına rəhbərlik edən 5 rus generaldan 4-ü vəzifədən çıxarılıb

0

2022-ci ilin fevralında Ukraynanın tammiqyaslı işğalına bilavasitə rəhbərlik edən 5 rus generaldan 4-ü işdən çıxarılıb. Lakin onların dəyişdirilməsi indiyədək Rusiyanın hərbi əməliyyatlarını təkmilləşdirmək üçün az iş görüb.

Modern.az xəbər verir ki, bu barədə Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən bildirib.

“Komandanlıqda davamlılığının olmaması, ehtimal ki, Qərb ordusuna nisbətən ruslarda daha zərərlidir. Çünki Rusiya doktrinasına uyğun olaraq, planların hazırlanması daha geniş bir qərargahın kollektiv işi deyil, əsasən şəxsən komandirdən asılıdır”, – məlumatda deyilir.

Britaniya kəşfiyyatı bildirir ki, Rusiya ordusuna ehtiyatdan yeni səfərbər olunmuş əsgərləri döyüşə hazırlamaq və onlara rəhbərlik etmək üçün kiçik zabit çatışmazlığı var. Aşağı səviyyəli rəhbərliyin zəif olması, çox güman ki, Rusiya qüvvələrinin bir çox hissələrində onsuz da pis əhval-ruhiyyəni daha da gücləndirir.

“Şahidlərin ifadələri göstərir ki, 2022-ci il oktyabrın 15-də Belqorod yaxınlığında bir zabit milli azlıqlardan olan əsgərləri təhqir etdikdən sonra 11 rus əsgəri güllələnib”, – kəşfiyyat xatırladıb.

Rusiya Federasiyasının qoşunları fevralın 24-də səhər tezdən Ukraynaya hücum edib. Kreml Ukraynaya müharibə elan etməyib, lakin tammiqyaslı təcavüzü, xüsusən də Ukrayna dövlətinin “denazifikasiyası” və “demilitarizasiyası”na yönəlmiş “xüsusi əməliyyat” adlandırıb.

Altı aydan sonra Rusiya müharibəni davam etdirmək üçün insan resurslarına ehtiyac hiss edir, lakin Putin Ukraynanın bütün ərazisini işğal etmək kimi ilkin niyyətindən əl çəkmir.

Buna görə də sentyabrın 21-də Rusiya prezidenti Vladimir Putin ölkədə qismən səfərbərliyin başlandığını elan edib. Rusiya rəhbərliyinin məlumatına görə, Ukraynaya qarşı müharibəyə əlavə olaraq 300 minə qədər insan cəlb edilib.

Sentyabrın 23-27-də rus işğalçıları Ukraynanın 4 vilayətinin ələ keçirdikləri hissələrində psevdoreferendum təşkil edibr. Xersonda və Zaporojyedə – Ukraynadan ayrılmaq və Donetsk və Luqanskda Rusiyaya qoşulmaq haqqında. Sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin Ukraynanın dörd vilayətinin bir hissəsinin ilhaq olunduğunu elan edib.

Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası oktyabrın 12-də keçirilən səsvermədə Rusiyanın Ukraynanın şərqinin bəzi hissələrini ilhaq cəhdini pisləyib. 143 ölkə lehinə, 5 ölkə əleyhinə səs verib, Hindistan və Çin də daxil olmaqla 35 ölkə bitərəf qalıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »