“İranın Azərbaycandakı səfirliyi ictimai rezonansı görüb tez əl-ayağa düşürsə…”

0

Üzdə özünü bizə dost kimi göstərməyə çalışan, lakin əsl həqiqətdə isə təcavüzkar və terrorçu Ermənistanı açıq-aşkar dəstəkləyən İranın silahlı qüvvələrinin Araz çayını keçib Qarabağa hücum etməsi əslində nəzəri olaraq da, praktiki cəhətdən də mümkündür. İran kimi etibarsız bir qonşudan hər cürə davranışı gözləmək olar.

Bu baxımdan, hazırda İran ordusunun Azərbaycana zərbələr endirmək və Qarabağa qoşun yeritmək şəklində ssenarilərə hazırlaşdığı, hücum üçün məşq etdiyi barədə yayılan xəbərlərə ciddi yanaşmalıyıq. Hələ-hələ bu xəbərlər İsrail və ABŞ kimi İran rəsmilərinin və fars mətbuatının ənənəvi “düşmən” obrazında təqdim etdiyi ölkələr deyil, İranın bilavasitə ən yaxın qonşusu və müttəfiqi Ermənistanın öz mediası və ekspertləri tərəfindən yayılırsa, biz bunun növbəti dezinformasiya olduğunu düşünməklə bərabər, həmçinin real fakt olması ehtimalını da yoxlamalıyıq.

Əgər Ermənistanın tanınmış iranşünas eksperti Vardan Voskanyan öz müsahibəsində hazırda Arazboyu sərhədlərimizdə hərbi təlim keçirən İranın Azərbaycan üzərinə həqiqətən də hücuma hazırlaşdığını iddia edirsə və İranın Azərbaycandakı səfirliyi də ictimai rezonansı görüb tez əl-ayağa düşürsə və “İki dost və qardaş ölkə olan İran İslam Respublikası və Azərbaycan Respublikası münasibətləri daim düşmənlərin geniş təbliğatının hədəfində olub, lakin iki ölkə rəhbərlərinin sayıqlığı onların məqsədlərinə çatmasına mane olub”, deyə açıqlama yayırsa, biz bu halda Vardan Voskanyanın fikirlərini təxribat və nifaq məqsədilə səsləndirilən fikirlər kimi də dəyərləndirə bilərik.

Lakin sözügedən hərbi təlimdə SEPAH-ın baş komandanı general Hüseyn Salaminin şəxsən iştirak etdiyini və onun öz çıxışında ad çəkmədən Azərbaycanı hədələməsini və yenə də “qırmızı xətt”dən dəm vurmasını nəzərə alsaq, o zaman V.Voskanyanın fikirlərinin fərziyyə olmadığı məlum olur.

Voskanyan deyir ki, “İranda davam edən hərbi təlimlər anti-Azərbaycan xarakteri daşıyır. İran bütün mümkün ssenarilərə, o cümlədən Azərbaycan ərazisinə hərbi zərbələr endirməyə və ya İran qoşunlarının Azərbaycanın Qarabağ ərazilərinə daxil olmasına hazırlaşır. Təlimlər zamanı Araz çayı üzərində müvəqqəti ponton körpüsünün tikintisi, pilotsuz uçuş aparatlarının zərbələri, yüksəkliklərin və yaşayış məntəqələrinin ələ keçirilməsi də daxil olmaqla müxtəlif ssenarilər həyata keçiriləcək”.

Maraqlıdır ki, hazırda sərhədlərimiz boyunca davam edən İran ordusunun təlimində də məhz bu ssenarilər, döyüş hazırlıqları test olunur. Odur ki, biz yayılan informasiyaların və iddiaların hansı ölkənin KİV-də yer almasından asılı olmayaraq Fransa kimi, İran kimi dost olmayan ölkələrin bizə qarşı istənilən planlarına və hərəkətlərinə hər an hazır olmalıyıq.

İran rəhbərliyinin Ermənistanın indiyə qədər bizə qarşı yürütdüyü işğalçı siyasətini real şəkildə dəstəkləməsi barədə kifayət qədər faktlar var. Ancaq Tehran hökuməti isə həmin faktları bir qayda olaraq həmişə inkar edib və bu gün də İranın Azərbaycandakı səfirliyi iddia edir ki, Azərbaycanla sərhəd bölgəsində baş tutan manevr və təlimlər, guya, İran ordusunun illik fəaliyyət təqviminə uyğun həyata keçirilən ənənəvi təlimlərdir.

Hərçənd ki, buna inanmaq nə qədər çətin olsa da, ancaq biz yenə də inanmaq istərdik ki, sözügedən təlimlər düşmənçilik niyyətilə keçirilən təlimlər yox, səfirliyin də iddia etdiyi etdiyi kimi həqiqətən də adi, ənənəvi təlimlərdir. Azərbaycan İranla sərhədlərimizə hər zaman dostluq və sülh sərhədləri kimi baxıb. Odur ki, qarşı tərəfdən də eyni yanaşmanı gözləməyə haqqımız çatır.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »