“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) Bakı Ekspo Mərkəzində keçirilən 2-ci Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” – “Rebuild Karabakh” sərgisində təmsil olunur.
Sərgidə Səhmdar Cəmiyyət tərəfindən müzəffər Ali Baş Komandan İlham Əliyevin liderliyi ilə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurla bağlı icra edilən layihələrə dair təqdimatlar, həmçinin dövlət şirkətinin əsas fəaliyyət göstərici haqqında məlumatlar təqdim edilir. Sərgi pavilyonunda Azərbaycanın işğaldan azad edilmiş ərazilərində qeyri-qanuni istismar faktlarına hüquqi qiymətin verilməsi məqsədilə aparılmış araşdırmalar, habelə Kəlbəcər rayonu ərazisində yerləşən “Tutxun” təzahür sahəsində QSC-nin geoloqları tərəfindən həyata keçirilən aktiv yerüstü axtarış-kəşfiyyat işləri haqqında geniş məlumatlar yer alır. Hasilat sahələri və ətraf ərazilərdə ekologiya və ətraf mühitin mühafizəsi ilə bağlı görülən işlər, o cümlədən sosial layihələrlə bağlı audiovizual və çap materialları sərgi iştirakçılarının diqqətinə çatdırılır.
“AzerGold” QSC tərəfindən nümayiş etdirilən qızıl sikkə və külçələr, xüsusilə Qarabağ mövzusuna həsr olunmuş qiymətli məhsullar ziyarətçilərin böyük marağına səbəb olub. Sərgi iştirakçıları “Qarabağ inciləri” və “Şuşa” sikkələri ilə yanaşı, Azərbaycan bədii fikrinin görkəmli siması, Qarabağ xanlığının sonuncu varisi Xurşidbanu Natəvanın 190 illiyinə həsr edilmiş qızıl sikkələrlə ilk dəfə “Rebuild Karabakh” sərgisində yaxından tanış olmaq imkanı əldə ediblər.
Qeyd edək ki, Qarabağın bərpasına həsr olunmuş yeganə və ilk ixtisaslaşmış sərgi olan “Rebuild Karabakh” 21 oktyabradək davam edəcək.