Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi Fransa prezidenti Emmanuel Makronun növbəti məlum antiAzərbaycan mövqeyi ilə bağlı bəyanat qəbul edib.
Azərbaycan KP MK -nın sədri Rauf Qurbanovun imzasıyla redaksiyamıza daxil olan bəyanatda deyilir:
– Bu yaxınlarda, 6 oktyabr 2022-ci il tarixində Çexiya Respublikasının paytaxtı Praqa şəhərində Azərbaycan-Ermənistan münaqişəsinin həlli ilə əlaqədar keçirilən dördtərəfli konstruktiv görüşdən qısa müddət keçdikdən sonra Fransa Respublikasının Prezidentinin yanlış və qərəzli mövqeyi, Fransanın xarici işlər nazirinin Azərbaycan əleyhinə yalan bəyanatlar verməsi və o cümlədən Fransa Senatında bu ilin noyabr ayında nəzərdə tutulan Azərbaycan əleyhinə növbəti qətnamənin hazırlanması bir daha göstərir ki, Fransa Cənubi Qafqazda sülhün bərpa olunmasında maraqlı deyil. Azərbaycana qarşı Ermənistanın hərbi təxribatının qarşısının alınması istiqamətində Azərbaycan Respublikasının ədalətli fəaliyyətinə birtərəfli qiymət verilməsi və Fransanın açıq aydın ermənipərəst siyasət aparması regionda sabitliyin bərpa olunmasına xələl gətirir.
Uzun illər Minsk qrupunun həmsədrlərindən biri olmuş, Qarabağ probleminin dinc yolla çözülməsində “maraqlı olan”, Azərbaycanla qarşılıqlı istər siyasi, istərsə də iqtisadi münasibətlər qurmuş bir dövlətin rəhbər orqanlarının bu gün Azərbaycana qarşı göstərdikləri qərəzli mövqe qəbuledilməzdir və bu cür münasibət mahiyyətcə gələcəkdə hər iki dövlət arasında mehriban dostluq və əməkdaşlıq əlaqələrinin üstündən xətt çəkir.
Azərbaycan Kommunist Partiyası Avropanın aparıcı dövlətlərindən biri olan Fransanın Azərbaycanın haqq işinə qarşı bu cür qərəzli və ermənipərəst mövqe sərgiləməsindən təəssüf hissi keçirərək, hiddətlənir və Azərbaycan Xarici İşlər Nazirliyinə və o cümlədən AR-in müvafiq orqanlarına Azərbaycan – Fransa münasibətlərinə yenidən baxılmasını tövsiyə edir.
Azərbaycan kommunistləri dünya ictimaiyyətini Fransanın birtərəfli və ədalətsiz mövqeyini pisləyərək, Azərbaycanın haqq işinə dəstək olmağa çağırır.