Azərbaycan tam müstəqil siyasət yürüdən dövlət kimi nüfuzunu göstərir

0

Azərbaycan Respublikasının xarici siyasət prioritetləri arasında Mərkəzi Asiya ölkələri və ümumilikdə türk dünyası ilə əlaqələrin möhkəmləndirilməsinin ölkəmiz üçün necə xüsusi önəm daşıdığı Prezident İlham Əliyevin Qırğızıstan və Qazaxıstana son səfərləri ilə bir daha əyani nümayiş olundu. Bu baxımdan, dövlət başçımızın ardıcıl olaraq hər iki türk dövlətinə səfəri həm tarixi, həm də strateji əhəmiyyət daşıyır. Astanaya səfəri Bişkekə səfərin davamı kimi qiymətləndirmək lazımdır. Hər iki türk paytaxtında Azərbaycan Prezidenti olduqca isti və səmimi qarşılandı. Bu ölkələrin istər liderləri, istərsə də sıravi insanları tərəfindən Azərbaycana münasibətdə əsl qardaşlıq ovqatı hiss olunurdu. Çünki Azərbaycanla bu ölkələri tarixi köklər, ortaq mövqelər birləşdirir.

Cənab Prezidentin bu səfərləri zamanı aparılan görüşlərdə imzalanan sazişlər və verilən bəyanatlar bütövlükdə türk dünyasının birliyinə böyük töhfə verəcək. Bundan əvvəl Prezident İlham Əliyevin Özbəkistana, Türkmənistana səfərləri və Bişkekdə, Astanada keçirilən son görüşlər türk xalqları və dövlətləri arasında inteqrasiya prosesini daha da gücləndirəcək. Mərkəzi Asiyada yerləşən türk cümhuriyyətlərinin Azərbaycan və Türkiyəyə inteqrasiya olunması, Türk birliyinin nəhəng siyasi və iqtisadi birlik kimi, yeni güc mərkəzi kimi, geosiyasi aktor kimi ortaya çıxması artıq günümüzün zərurətinə çevrilməkdədir.

Bəli, Avropa İttifaqı olduğu kimi Türk İttifaqı, Türk Birliyi də olmalıdır. Və gələcəkdə ehtiyac duyularsa, bu birliyi hətta hərbi-siyasi birliyə də çevirmək olar. Görünən budur ki, Azərbaycan və Türkiyə liderləri Türk dünyasının gələcəyi ilə bağlı uzunmüddətli perspektivlərə hesablanmış vizyondan çıxış edirlər. Bu mənada, son illərdə Türk Dövlətləri Təşkilatının (TDT) üzvləri arasında əlaqələrin strateji müttəfiqlik səviyyəsinə yüksəldilməsi ilk növbədə İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın göstərdiyi səylərin nəticəsi kimi gözdən keçirilməlidir. Əliyev və Ərdoğan digər türk dövlətlərinin liderlərini gələcək böyük hədəflərə doğru istiqamətləndirirlər.

İlham Əliyevin Astanada Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə görüşündə ölkələrimizin müttəfiqliyi, strateji tərəfdaşlığı məsələsini xüsusilə vurğulaması heç də təsadüfi deyildi. Bəli, bizim ölkələr müttəfiqdir və bu müttəfiqlik ortaq köklərə, ümumi maraqlara, gələcək böyük hədəflərə əsaslanır. Strateji müttəfiqlik münasibətləri Qazaxıstan və Azərbaycan üçün həm yeni imkanlar açır, həm də qarşılıqlı öhdəliklərin məsuliyyət yükünü artırır. Strateji müttəfiqlər bir-birilərinin maraq və mənafelərini hər bir məqamda müdafiə etməlidirlər. Bir-biriləri ilə qarşılıqlı münasibətləri strateji müttəfiqlik səviyyəsinə çatdıran türk dövlətlərinin gücü qarşıdakı illərdə qat-qat artacaq.

Azərbaycan Prezidentinin Qazaxıstana səfəri həm də ölkəmizin hazırkı beynəlxalq proseslərdə yeri və rolunu qiymətləndirmək baxımından da olduqca əhəmiyyətlidir. Belə ki, dövlət başçımızın oktyabrın 13-də Astanada keçirilən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasında etdiyi çıxış, həm də Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının iclasında çıxışında səsləndirdiyi fikirlər Azərbaycanın tam müstəqil siyasət yürüdən dövlət kimi nüfuzunu göstərir.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »