Ali Məhkəmə Azərxalça ASC-nin İdarə Heyətinin sabiq sədri, ev dustaqlığında vəfat edən Vidadi Muradovun barəsində olan hökmdən verilən kassasiya şikayəti ilə bağlı qərarı elan edib.
Hakim Əziz Seyidovun sədrliyi ilə keçirilən prosesdə cinayət işi ilə bağlı banka girov qoyulmuş əmlaklar olan hissəsində qərar ləğv olunub.
Belə ki, işə yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.
Qeyd edək ki, V.Muradov Baş Prokurorluğun əməkdaşları tərəfindən 2021-ci ilin yanvar ayının əvvəlində saxlanılıb. 9 yanvar 2021-ci il tarixdə onun barəsində Cinayət Məcəlləsinin 179.4 (mənimsəmə xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilib, rayon məhkəməsinin qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilmişdi.
Xatırladaq ki, V.Muradov 2021-ci il noyabrın 4-ü gecə saatlarında onkoloji xəstəlikdən dünyasını dəyişib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, V.Muradov barəsində irəli sürülmüş maddələrlə təqsirli bilinib, cinayət işinə bəraətverici əsaslar olmadan xitam verilib.
Hökmdə qeyd olunub ki, cinayət işi üzrə zərərçəkmiş qismində tanınmış İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti tərəfindən qaldırılmış 640 min 922 manat məbləğində mülki iddia təmin olunub, həmin məbləğ dövlət büdcəsinə köçürülməlidir. Hökmdən narazı qalan onun hüquqi varisi, həyat yoldaşı Rahilə Muradova apellyasiya şikayət verib. Hüquqi varis V.Muradovun barəsində cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyir.