Avqustun 14-də Honkonqa getdik. Əvvələr hər zaman gəlirdi, pandemiyaya görə iki il idi ki, gələ bilmirdi. Orada bir ay yaxşı vaxt keçirdik. Sentyabrın 26-da qayıtmalı idik. O zaman anamın səhhəti pisləşdi. On günün içində anam vəfat etdi.
Bu sözləri bəstəkar Ruhəngiz Qasımovanın qızı Canana Paşa Süleymani anasının ölümü haqda Teleqraf.com-a danışarkən bildirib.
Canana anasının xəstəliyi haqda bunları deyib:
“Bütün orqanları fəaliyyətini qəfil itirdi. Belə fikirə gəldik ki, anam atamın rəhmətə getməsindən sonra yaşamaq istəmirdi. Atamın vəfatından doqquz ay keçib. Anam ömrü boyu güclü insan olub. O istəsəydi, yaşaya bilərdi. Atam da Yasamal qəbiristanlığında dəfn olunub. Söhbət belə gedə bilməz ki, anam başqa yerdə dəfn olunsun. Honkonqda dəfn olunması mümkün deyildi. Tarixdə ilk dəfədir ki, azərbaycanlı Honkonqdan Azərbaycana dəfn olunmaq üçün gətirilib. Sənəd işləri çox çətin oldu, amma düzəldi. Anam Allah adamı idi. Heç kim inanmırdı ki, Honkonqda sənədlər düzələ və onun nəşi Bakıya gətirilə bilər”.
Bəstəkarın qızı “Son sözü nə oldu” sualına belə cavab verib:
“Dedi ki, uşaqlar üçün bozbaş bişirməyi yaddan çıxarma”.