MHP Zelenskidən xahiş edib – Misir Qasımlı azad edilsin

0

Ermənilərin şikayəti əsasında saxlanılan və hazırda Kiyevdə həbsdə olan igid soydaşımız, Vətən Müharibəsi iştirakçısı Misir Qasımlının tezliklə həbsdən azad edilməsi hamımızın bir nömrəli məsələlərimizdən biri olmalıdır. Çünki Misir Qasımlının şərin qurbanına çevrilməsi göz qabağındadır. O, erməni şərinin güdazına gedib.

Həmyerlimiz Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və tutuqlanıb. Lakin işin ən gülməli və həm də faciəvi (tragikomik) tərəfi odur ki, bu iş üzrə Misirə qarşı indiyə qədər heç bir sübut təqdim olunmayıb. Adam il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmadan təcrid vəziyyətində saxlanılır və məhkəməsi də qəsdən təxirə salınır.

Bir insanı heç bir dəlil-sübut olmadan həbsxana divarları arasında saxlamağın özü də bir ayrı formada cinayətdir, insan haqlarının çox kobud surətdə pozulmasıdır. Bu da ilk növbədə Ukrayna ədliyyə-məhkəmə sisteminin nüfuzuna zərbə vurur. Ukrayna bizə dost ölkə sayılır, ona görə də bu ölkənin siyasi rəhbərliyi və hüquq-mühafizə orqanları erməni hiyləsinə və fitnəsinə uymamalıdır.

Özü hazırda müharibə vəziyyətində olan, ərazi bütövlüyü uğrunda mübarizə aparan bir ölkənin iki il öncə Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşan bir gənci, bir qazini erməni şəri nəticəsində həbsə atması absurddur və yolverilməzdir. Ukrayna hökuməti və məhkəməsi erməni diasporunun həyasız təzyiqləri nəticəsində geri çəkilməməli və sifarişli qərar qəbul etməməlidir.

Biz Milli Həmrəylik Partiyası olaraq Ukrayna prezidenti Volodimir Zelenskiyə müraciət edir və onun bu məsələni bilavasitə öz nəzarəti altına götürməsini, Misir Qasımlıya qarşı haqsızlığa son qoyulmasını xahiş edirik. Cənab Zelenski azərbaycanlıların Ukrayna xalqına qarşı xoş münasibətini də yəqin ki, nəzərə alacaq.

Azərbaycanlılar Ukraynaya qarşı dərin rəğbət hissilə yanaşır. Lakin keçmiş döyüşçümüzün heç bir tutarlı dəlil-sübut omadan uzun müddətdir ki, Kiyevdə qanunsuz saxlanılması münasibətlərimizə kölgə salır, eyni zamanda Ukraynanı dəstəkləyən azərbaycanlılarda xəyal qırıqlığı yaradır. Biz ümid edirik ki, “Kəlbəcərin azad olunmasına görə” medalı ilə təltif edilən 29 yaşlı cəsur qazimiz Misir Qasımlını tezliklə azadlıqda görəcəyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »