Praqada təşkil olunmuş görüşlərdə ölkəmizin milli maraqları təmin olundu

0

Çexiyanın paytaxtı Praqa şəhərində Azərbaycan və Ermənistan liderlərinin, eləcə də Fransanın dövlət başçısı və Avropa İttifaqı Şurasının Prezidentinin iştirakı ilə baş tutan dördtərəfli görüşdə cənab Prezident İlham Əliyevin qətiyyətli mövqeyi ilə Azərbaycan diplomatiyası növbəti uğura imza atdı. Görüşün yekunlarına dair Bəyanatda isə bir sıra mühüm məsələlər öz əksini tapmış oldu. Belə ki, 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalandığı vaxtdan bu günədək Ermənistan siyasi-hərbi rəhbərliyi sülh müqaviləsinin imzalanması prosesini yubatmağa çalışsa da Praqada baş tutan dördtərəfli görüş bütün bu cəhdlərin son nöqtəsi oldu. Görüşün yekununa dair Bəyanatda da qeyd olunduğu kimi Azərbaycan və Ermənistan bir-birilərinin ərazi bütövlüyü və suverenliyini tanıdı. Həmçinin BMT Nizamnaməsi isə bu məsələdə əsas sənəd kimi götürüldü.

Bu isə mahiyyət etibarı ilə Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunun növbəti dəfə yüksək səviyyədə təsdiqi idi. Belə bir platformada təcavüzkar Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünün tanınması Azərbaycan diplomatiyasının, Azərbaycan Prezidentinin ən böyük uğuru və 44 günlük Vətən müharibəsində əldə edilmiş qələbənin məntiqi nəticəsi idi.

Bəyanatda diqqət çəkən digər mühüm məqamlardan biri isə ilk dəfə olaraq Avropa İtifaqının mülki missiyasının bölgədə yerləşdirilməsi məsələsinin müzakirəyə çıxarılması oldu. Ancaq bu dəfə də Azərbaycanın maraqları cənab Prezident tərəfindən layiqincə qorundu. Azərbaycanın qəti mövqeyindən sonra belə razılaşdırıldı ki, Avropa İttifaqının mülki missiyası 2 ay müddətində yalnız Ermənistan ərazisində yerləşdirilsin. Beləliklə Ermənistanın daha bir cəhdi, bölgəyə üçüncü qüvvələri cəlb etmək planı iflasa uğradı.

Xüsusi olaraq qeyd etməliyik ki, II Qarabağ müharibəsində işğalçı Ermənistana verilən dəstək və son illərdə Azərbaycana qarşı nümayiş etdirilən qərəzli mövqe, eləcə də 12-14 sentyabr təxribatının ardınca Paşinyan başda olmaqla bir qrup Ermənistan rəhbərliyində təmsil olunan siyasətçilərin Fransaya səfərləri və verilən açıqlamalar əslində Fransanın ənənəvi ermənipərəst siyasətindən xəbər verir. Bu mövqedən yanaşsaq Fransanın da iştirakı ilə keçirilən dördtərəfli görüşdə Azərbaycan üçün müxtəlif tələ və hiylələrin hazırlandığını güman etmək olardı. Lakin cənab Prezidentin qətiyyəti nəticəsində bütün bu cəhdlər də boşa çıxdı. Artıq Avropa İttifaqının qurucu üzvlərindən biri olan Fransa da Cənubi Qafqazda dəyişən geosiyasi reallıqları qəbul etmək məcburiyyətindədir.

Nəticə etibarilə 5 saatdan artıq davam edən və iki hissədən ibarət olan dördtərəfli görüşlə Azərbaycan diplomatiyası növbəti qələbəsini qazanaraq bölgədə uzun müddətli və dayanıqlı sülhün əldə olunması istiqamətində daha bir vacib addım atdı. Ermənistan isə öz növbəsində sərhəd missiyasına razılıq verməklə öz zəifliyini bir daha nümayiş etdirmiş oldu.

Rəşad Rəhmanov
Siyəzən şəhər 2 saylı tam orta məktəbin direktoru

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »