06 oktyabr 2022-ci il tarixində İndoneziyanın Bakıdakı Səfirliyi Marriot Boulevard Hotel Baku-da İndoneziyanın Müstəqillik Gününün 77-ci ildönümü və İndoneziya Respublikası ilə Azərbaycan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümünü qeyd etmək münasibətilə rəsmi qəbul keçirib.
Qəbulda fəxri qonaq qismində Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri zati-aliləri, cənab İnam Kərimov iştirak edib. Tədbirdə, həmçinin xarici ölkələrin Bakıdakı səfirləri, Azərbaycan Hökumətinin rəsmiləri, diplomatik korpusun, özəl sektorun və media nümayəndələri, eləcə də Azərbaycandakı İndoneziya icması və İndoneziyanın dostları iştirak edib.
Tədbir hər iki ölkənin dövlət himninin səsləndirilməsi ilə başlamış və İndoneziya səfir ilə fəxri qonağın çıxışları ilə davam etmişdir.
Səfir Hildi Hamid çıxışında İndoneziya ilə Azərbaycan arasında son 30 il ərzində uğurlu ikitərəfli münasibətlərin olduğunu vurğulayıb.
“Bu il iki qardaş ölkəmiz, Azərbaycan Respublikası ilə İndoneziya Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 30 illiyini qeyd edirik. 30 illik ikitərəfli münasibətlərimiz zamanın sınağından keçmiş və daim inkişaf edir. Hər keçən il ərzində biz daha da güclənir və son iki onillik ərzində misli görünməmiş uğurlarla nəticələnmiş münasibətlərimizi möhkəmləndirmişik.”
İndoneziya-Azərbaycan ikitərəfli münasibətlərinə toxunan İndoneziya səfiri onu da əlavə etmişdir ki, son illər ərzində iki ölkə əməkdaşlığını daha da gücləndirib. Ticarət həcmi yüksəlir və iki ölkə arasında qarşılıqlı səfərlər də artır. Biznes imkanlarının təşviqi və ikitərəfli iqtisadi-ticarət əlaqələrinin daha da genişlənməsinə xüsusi töhfə vermək məqsədilə Bakıda biznes forumlar keçirilir. İndoneziya, həmçinin müxtəlif sahələrdə ikitərəfli əməkdaşlığın genişləndirilməsinə sadiqdir.
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri zati-aliləri, cənab İnam Kərimov da İndoneziyanın Müstəqillik Günü və iki ölkə arasında diplomatik əlaqələrin qurulmasının 30-cu ildönümü münasibətilə təbrik nitqi ilə çıxış edib. O, həmçinin iki ölkə arasında iqtisadi, ticarət və beynəlxalq təşkilatlar sahəsində güclü ikitərəfli əlaqələrin olduğunu vurğulayıb. Beləki, Azərbaycan, həmçinin İndoneziyanın beynəlxalq çərçivədə göstərdiyi dəstəyə və həmrəyliyə görə minnətdarlığını bildirir.
“Azərbaycan və İndoneziya gözəl şəhərlərə, zəngin təbiətə, qədim tarixə və mədəniyyətə malik ölkələrdir. Biz xalqlarımız arasında dostluq münasibətlərinin güclənməsinə, mədəniyyətlərimizin inteqrasiyasına da önəm veririk. Bu üstünlüklər bizim turizm potensialımızı daha da artırır və müvafiq sahədə əməkdaşlığımızın dərinləşdirilməsini zəruri edir.”
Uğurlu mərasim daha sonra anqklunq, talemponq və sape kimi ənənəvi musiqi alətlərinin ifa olunduğu, eləcə də müxtəlif ənənəvi rəqslərin nümayiş olunduğu mədəni çıxışlarla davam etdi. Bu münasibətlə indanq (Qərbi Sumatra), enqanq (Kalimantan), ondel-ondel (Cakarta), topenq və puspancali (Bali) kimi beş ənənəvi İndoneziya rəqsi indoneziyalı rəqqas və İndoneziya təqaüdlərinin məzunları olan azərbaycanlı tələbələr tərəfindən yüksək səviyyədə ifa olundu.
Tamaşaçılar ənənəvi İndoneziya mahnıları ilə yanaşı, həm də tanınmış Azərbaycan mahnılarını nümayiş etdirən ənənəvi musiqinin cəlbedici canlı ifasına şahid olmaqdan çox təsirləndilər.
Qəbul münasibətilə, qonaqlara İndoneziyanın zəngin və müxtəlif mədəniyyətini xarici ictimaiyyətə təqdim etmək məqsədilə Sumatra, Yava, Bali, Kalimantan adalarına məxsus ənənəvi geyim, tekstil və sənətkarlıq nümunələrinin kiçik sərgisi də təşkil edilmişdi. Bu tədbirdə “nasi goreng” (qızardılmış düyü), “bakso” (İndoneziya küftəcikləri), toyuq satay və qado-qado kimi müxtəlif İndoneziya yeməkləri təqdim olundu. Tədbir, həmçinin qonaqlar tərəfindən çox müsbət qarşılandı və onlar İndoneziya ənənəvi rəqslərinin, musiqisinin və geyimlərinin zəngin müxtəlifliyinə heyran olduqlarını bildirdilər.