Bakıda tıxaclardan necə qurtulmaq olar?

0

Nəqliyyatda vahid sistemin yaradılması bir neçə ildir ki, müxtəlif dövlət qurumları tərəfindən müzakirə edilir. Ancaq faktiki olaraq hələ təqdim olunan heç bir təklif və sənəd yoxdur. Ümumiyyətlə, nəqliyyatın idarə olunması, təşkili düzgün qurulmalı və praktiki olaraq həyata keçirilməlidir. Belə olmadığı üçün hazırda Azərbaycanda bu sahədə xaos, tıxac, müxtəlif qanunazidd hallar var.

Bu sözləri Axar.az-a nəqliyyat sahəsi üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən vahid taksi xidmətinin yaradılması ilə bağlı sənədin hazırlanması barədə danışarkən deyib.

“Bu gün taksi fəaliyyəti nəzarət olunmayan bir sahəyə çevrilib. Burada hər cür problemlərə rast gəlmək mümkündür. İlk növbədə bunun hüquqi bazası yaradılmalıdır. Ancaq baza yaradılarkən taksi xidmətlərini təklif edən aqreqatorların fəaliyyəti aydın və hüquqi cəhətdən tam şəkildə qanunlara cavab verməlidir. Belə ki, sürücülərin fəaliyyəti, hansı şəxslərin taksi sürücüsü kimi cəlb edilməsi, qarşılıqlı münasibətlərin tənzimlənməsi, iş vaxtı və bu kimi sualların cavabı məlum deyil. Bundan əlavə, narkoman, qanunsuz şəkildə fəaliyyət göstərən sürücünü işlədən sahibkarın da hansı məsuliyyətə cəlb olunması qeyri-müəyyəndir. Bütün bunları tənzimləmək üçün normativ hüquqi aktlara çox ciddi yeniliklər gətirilməlidir.

Metro, avtobus, taksinin vahid olması da çox ümumi ifadədir. Çünki ödəniş sisteminin birləşdirilməsi, yaxud bir-birinə dəstək olması haqda dəqiq açıqlama yoxdur. Nəqliyyat vasitələri dəqiq və aydın şəkildə vahid orqanizm kimi fəaliyyət göstərməlidir. Hazırda istər beynəlxalq, istərsə də ölkədaxili logistikada problemlər var”, – Ə.Hüseynov bildirib.

Ekspertin sözlərinə görə, müasir şəhərlərdə insanların mobilliyinin təmin edilməsi vacibdir:

“Hələ 2018-ci ilin dekabrında küçə-yol şəbəkəsində hərəkətin bütün iştirakçılarının səmərəli, təhlükəsiz və rahat hərəkətinin təmin edilməsi üçün şəhərdaxili mobillik (hərəkət) planı təsdiq olunmuşdu. Belə sistemlər isə ictimai nəqliyyata uyğun qurulmalıdır. Çünki mobillik planında ictimai nəqliyyatın prioritet olmadığı heç bir sistemdən söhbət gedə bilməz. Həmçinin, məskunlaşma, təhsil və səhiyyə müəssisələri, iş yerləri elə qurulmalıdır ki, insanlar rahat şəkildə piyada gedib-gələ bilsinlər. Əgər sözügedən qaydalarla sistem qurularsa, onda zamanla hər şey qaydasına düşəcək və bunun bəhrəsini görəcəyik”.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »