Prezident Vladimir Putin Rusiyaya yeni ərazilərin daxil olması ilə bağlı qanunları imzalayıb.
Ria Novosti xəbər verir ki, söhbət Ukraynadan qoparılan 4 regiondan gedir.
Vladimir Putin qondarma “Luqansk xalq respublikası”nın, qondarma “Donetsk xalq respublikası”nın, Xerson və Zaporojye vilayətlərinin Rusiyaya qəbulu haqqında müqaviləni ratifikasiya edən federal qanunu imzalayıb.
Beləliklə, Rusiya regionlarının sayı 85-dən 89-a, Rusiyanın ərazisi isə təxminən 113.000 kvadrat kilometr artacaq. Dörd yeni subyektin sakinləri Rusiya vətəndaşlığını alacaqlar: bunun üçün yeni vətəndaşlar and içməli olacaqlar, ondan yetkinlik yaşına çatmayanlar və fəaliyyət qabiliyyəti olmayanlar azad edilir.
İndi “LXR”, “DXR”, Xerson və Zaporojye vilayətləri 2026-cı ilə qədər davam edəcək keçid dövrünü gözləyəcək. Bu müddət ərzində orada prokurorlar, məhkəmələr, notariuslar, vəkillər palataları yaradılmalıdır. Dörd yeni region tədricən mövcud hüquq-mühafizə orqanlarını Rusiyaya inteqrasiya edəcək.
Yeni ərazilərdə Rusiya qaydaları qüvvəyə minənədək və keçid dövrünün sonuna qədər yerli hakimiyyət orqanları Rusiyaya qoşulmazdan əvvəl regionlarda qüvvədə olan qanunlara arxalana bilərlər.
Xatırladaq ki, sentyabrın 30-da Rusiya prezidenti Vladimir Putin adları çəkilən regionlarda keçirilən referendumun nəticələrinə görə Kremldə çıxış edib, bundan sonra onların rəhbərləri ilə regionların Rusiyanın tərkibinə daxil edilməsi haqqında sazişlər imzalayıb. Daha sonra Rusiya Konstitusiya Məhkəməsi bu müqavilələri Rusiya Federasiyasının Konstitusiyasına uyğun olaraq tanıyıb.