“Gəncliyimizi qorumalıyıq, gənclərimizi milli-mənəvi dəyərlərimizlə tərbiyələndirməliyik”

0

Xalqımızın min illərdən bəri süzülüb gələn milli – mənəvi dəyərlərinə qarşı xarici güclərin təsiri mütəmadi olaraq müxtəlif formalarda təzahür edir. Bu, əsasən iki istiqamətdə özünü göstərər. Biri Qərbdən, müasirlik, “Avropa mədəniyyətinə inteqrasiya” adı altında gizlənən missionerlik təbliğatıdır ki, səlibçilik təfəkküründən doğur. Digəri isə İran və bəzi ərəb ölkələrindən qaynaqlanan radikal, xurafatçı ənənələrdir. Din pərdəsi adı altında ya məzhəbçilik təbliğ olunur, ya da radikalizmə meyl aşılanır.

Bunu ilahiyyat üzrə fəlsəfə doktoru Tural İrfan milli-mənəvi dəyərlərimizin qorunub saxlanması ilə bağlı söhbətimizdə deyib.

İlahiyyatçı bildirib ki, mahiyyət etibarı ilə bu iki amil eyni məqsədə xidmət edir. Bir tərəfdən müasirliyə meylli insanları qeyri – əxlaqi istiqamətə çəkmək, narkomaniyaya, yüngül əxlaq tərzinə cəlb etmək, ikinci yöndən isə inanca, dinə meylli insanları sağlam inancdan yayındırıb yanlış istiqamətə meylləndirmək: “Azərbaycan xalqının milli dəyərləri xalqın təşəkkülündə, dövlətin qurulmasında, beynəlxalq mədəni əlaqələrin inkişafında əvəzsiz rol oynayır. Dini və milli dözümlülük, tolerantlıq, multikultural dəyərlərə sadiqlik xalqımızın müstəsna məziyyətlərindəndir. Şübhəsiz ki, Azərbaycan dövlətinə qarşı qara düşüncələrdə olan, inkişafımıza mane olaraq öz maraqlarını, istismarçı məramlarını həyata keçirmək arzusunda olanlara bu durum sərf etmir. Ona görə də ölkədə hər cür əlaltıları vasitəsi ilə mütəmadi olaraq təxribata cəhd edirlər. Əsasən Qərb dəyərləri adı altında vaxtilə bəzi teleserialların yayılması ailə dəyərlərimizə kifayət qədər zərbə vurdu. Boşanmalar, intiharlar çoxaldı. Evdən qaçan qadınların çoxu ya sosial problemlərin yaratdığı fəsaddan, ya da telefon, internet, sosial şəbəkə vasitəsi ilə meydana gəlmiş olaylardan dolayı küçələrə düşür. İşsizlik burada önəmli rol oynayır. İşi, fəaliyyəti olan insanın bu cür məsələlərə ayırmağa vaxtı olmadığı üçün işləyən, çalışan insanlar arasında narkomaniya da, boşanma da azdır. Araşdırma aparsaq görərik ki, boşanan və narkomaniyaya düçar olan vətəndaşlarımızın 70 faizi işsizlərdir. İntihar edənlərin əksəriyyəti də sosial nizamın düzgün olmamasının qurbanıdır. Yuxarıda qeyd etdiyim xarici təsirlərin ölkədə qütbləşərək fərqli müstəvidə toqquşması insanları çaş-baş salır, çıxılmaz duruma gətirir. Telekanallarda alimlərin, mütəxəssislərin təbliğatından çox yüngül əxlaqı tərənnüm edən müğənni və təxləklərin çıxışlarını görürük. Bu da gəncliyə, gələcəyimizə vurulan zərbədir”.

Ekspert onu da bildirib ki, artıq indi yetişən gəncliyin Səməd Vurğunu, Üzeyir Hacıbəylisi, Rəşid Behbudovu, Mirzə Cəlili yoxdur. Bu o deməkdir ki, cəmiyyət mənəvi cəhətdən geriləyir. Mənəvi dəyərlər yox olmaq üzrədir. Zahirdə, nəzəri baxımdan yazılan, danışılan başqadır, yaşayan və yaşadılan, həyata tətbiq olunan tam başqadır. Gəncliyimizi qorumalıyıq, gənclərimizi milli-mənəvi dəyərlərimizlə tərbiyələndirməliyik:

“Əvvəla təhsil sistemi normal işləməlidir. Çünki hər şey təhsildən başlayır. Və kitayət qədər də ciddilik, tələbkarlıq olmalıdır. Bu gün orta məktəb şagirdləri məktəbdə təhsil əvəzinə repititor yanında hazırlaşırsa, məktəbdə öyrənəcəyini valideyninin ağzından, boğazından kəsib vəsait ödədiyi müəllimdən öyrənirsə hansı bünövrə üstündə qurulan mənəviyyatdan danışmaq olar? Məktəb təkcə təhsil ocağı deyil, həm də tərbiyə ocağıdır. Lakin bu gün əksər məktəblər rüşvət ocağı kimi formalaşıb. Şagird gözünü açıb görür ki, müəllimlər şagirdlərdən pul yığır. Bax burada korlanır əxlaq, burada məhv olur dəyərlər.

Öncə təhsil düzəlməlidir. İkinci tərəfdən din böyük amildir. Dini dəyərləri uzun müddət müyyən qurumlar öz inhisarına alaraq xarici çirkin maraqlara alət etdilər. İrançılıq təbliğ olundu din adı altında. Ona görə də dini dəyərlərimiz təhrif olundu. Xurafat, mövhumat girdi araya. Ancaq bu gün din sahəsində aparılan müəyyən islahatlar, hökumətin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin fəaliyyəti sayəsində yol verilmiş nöqsanlar aradan qaldırılır. Bu sahədə nizam qurulur. Bu təkcə dövlətin yox, hamımızın məsuliyyətidir. Din hər şeydən öncə əxlaq, mədəniyyət deməkdir. Xalqımız uzun əsrlərdir İslam dininin bəxş etdiyi dəyərlərlə yaşayıb, formalaşıb. Odur ki, dinin əxlaqi, mədəni, mənəvi yönləri cəmiyyəti xilas edə bilər”.

Gənclərin müasirlik adı altında ədəbsiz geyimləri, narkomaniya, yüngül əxlaq tərzinə meyl, feminizm, xalqımızın milli, mənəvi, dini dəyərlərinə zidd olan homoseksualizm kimi fəsadverici xüsusların qarşısının alınmasında dinin böyük rolu var. Din günah etməkdən, fəsad çıxarmaqdan yayındırır. İslam dininə görə narkomaniya, əxlaqsızlıq, pozğunçuluq, eyni cinslərin bir-birinə cinsəl meylliliyi, zinakarlıq, intihar haram və böyük ganah hesab edilir: “Statistika da göstərir ki, İranın din adı altında ölkəmizə ixrac etdiyi narkotik vasitələr və beyni zəhərlənmiş, təsirə salınmış ünsürlərindən başqa inanclı və ibadətkar insanların arasında intihar edənlər yoxdur, narkomaniyaya düçar olanlar yox dərəcəsindədir, digər pis vərdişlərə aludə olanlar da yoxdur.

Ona görə İslam dinimiz ənənəvi formada təbliğ olunmalıdır. Nə radikal və məzhəbçi Səudiyyə Ərəbistanı modeli, nə də siyasiləşmiş, xurafatçı və təriqətçi İran modeli. Hər ikisi xalqımız üçün yaddır və qorxuludur. İslam dini Azərbaycan xalqının tarixdən süzülüb gələn milli formada, milli modeldə təbliğ olunmalıdır ki, cəmiyyətimiz öz kökündən uzaq düşməsin. Azərbaycan xalqının milli, mənəvi dəyərlərinin qorunması üçün dövlət dəstəyi də vacibdir”.

Rüstəm Cəfərov
Yazı Azərbaycan Demokratik İslahatların İnkişafı Mərkəzi (ADİİM) İctimai Birliyinin Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Milli-mənəvi dəyərlərimiz tariximiz və gələcəyimizdir» layihəsi çərçivəsində hazırlanıb

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »