“Azərbaycanın Avropanın etibarlı tərəfdaşı adlandırılması heç də təsadüfi deyil”

0

Ötən gün Bolqarıstanda bu ölkənin qaz şəbəkəsini Yunanıstanla birləşdirən interkonnektorun (IGB) açılış mərasiminin keçirilməsi həm regionun özü üçün, həm də Azərbaycan üçün olduqca əhəmiyyətli hadisədir. Mərasimdə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen, Bolqarıstan, Azərbaycan, Serbiya, Şimali Makedoniya prezidentləri, Yunanıstan və Rumıniyanın baş nazirlərinin iştirak etməsi də tədbirin vacibliyindən və geoiqtisadi önəmindən xəbər verir. Bu baxımdan Ursula fon der Lyayenin bu interkonnektorun bütün Bolqarıstanı və cənub-şərqi Avropanı təmin edəcək qazla təmin etmək potensialına malik olduğunu vurğulaması heç də təsadüfi deyil. Xanım fon der Lyayenin öz çıxışında Azərbaycan liderinin dəstəyini vurğulaması da hal-hazırda Azərbaycanın Avropanın enerji təhlükəsizliyində rolunun artdığını göstərir.

Bəs, Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verən interkonnektorun işə salınması nəyə görə belə mühüm strateji əhəmiyyət kəsb edir?

Heç şübhəsiz ki, bu ilk növbədə hazırkı qlobal geosiyasi təlatümlərlə, Ukraynaya qarşı işğalçı müharibə aparan Rusiyanın əlindəki bütün təzyiq rıçaqlarından istifadə edərək müharibənin təsir dairəsini daha da genişləndirmək və bu yolla Avropa Birliyini, NATO-nu “cəzalandırmaq” planlarından doğan yeni reallıqların nəticəsidir. Rusiya-Ukrayna müharibəsi daha da kəskinləşdikcə, Avropa ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsi məsələsi də get-gedə aktuallaşır. Kreml Qərbin get-gedə artan təzyiqlərini və sanksiyaların təsir gücünü neytrallaşdırmaq üçün Avropa ölkələrini qaz nəqlinə son qoyacağı ilə birbaşa şantaj edir. “Şimal axını” kəmərlərindəki son partlayışlar da Rusiyanın təhdidlərinin kifayət qədər ciddiliyindən xəbər verir. Bu gedişlə lap yaxın həftələr (bəlkə də günlər) ərzində Rusiya Avropaya qaz idxalını tamamilə dayandıra bilər.

Ona görə də Avropa ölkələrinin liderləri təşvişə düşüblər və Rusiya qazına alternativ mənbələrin axtarılıb tapılması üçün az qala yarışa çıxıblar. Bu mənada, Avropa Komissiyasının Prezidenti Ursula von der Lyayenin Sofiyada Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) layihəsinin açılışında çıxışı zamanı Azərbaycanı Avropanın etibarlı tərəfdaşı adlandırması heç də təsadüfi deyil. Avropa Komissiyasının rəhbəri çıxışında açıq şəkildə bildirdi ki, həm Bolqarıstanda, həm də Avropanın digər regionlarında insanlar Rusiyanın müharibəsinin nəticələrini hiss edir, lakin Bolqarıstan-Yunanıstan İnterkonnektoru (IGB) kimi layihələrə görə Avropanın qış üçün qaz tədarükü olacaq: “Avropa bu istiqamətdə çox çalışıb, vacib addımlar atıb xüsusilə də son aylarda: Rusiya qazının alternativ qaz mənbələrinin yəni daha etibarlı mənbələrlə, tərəfdaşlarla əvəz olunması. Azərbaycan Prezidenti İlham Əliyev burdadır, mən bu məqsədlə iyul ayında sizi ziyarət etdim. Bizim Norveç, ABŞ, Əlcəzair kimi dostlarımız və digər tərəfdaşlarımız bu çətin zamanda bizə kömək edir”.

Bəli, Azərbaycan da çox çətin zamanda bir daha özünün etibarlı tərəfdaş olduğunu təsdiqləyir və digər tərəfdaşlarla birlikdə Avropanın enerji təhlükəsizliyinə əvəzolunmaz töhfə verir. Belə bir şəraitdə Azərbaycandan Bolqarıstana qaz nəqlini artırmağa imkan verən interkonnektorun işə salınması həqiqətən də olduqca mühüm əhəmiyyət daşıyır. Azərbaycan Prezidenti İlham Əliyev də sözügedən IGB-nin açılış mərasimindəki çıxışında ölkəmizdən ötürülən qazın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında önəmli rol oynadığını ayrıca qeyd etdi: “Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir. Təxminən iki ildir ki, Azərbaycan qazı Avropa bazarlarına çıxarılır və indi isə, o, Bolqarıstana daxil olur. Avropanın enerji xəritəsini dəyişmiş Cənub Qaz Dəhlizi qitə üzrə ən böyük infrastruktur layihələrindən biridir. Azərbaycan Cənub Qaz Dəhlizini başlayan tərəf olmaqdan qürur hissi duyur”.

Azərbaycanın bu cür meqa-infrastruktur layihələri, o cümlədən qaz kəmərləri Avropa Birliyi ölkələri ilə yanaşı, həmçinin qardaş Türkiyə üçün, Böyük Britaniya və İsrail kimi tərəfdaş ölkələr üçün də mühüm əhəmiyyətə malikdir. Bir sözlə, Azərbaycanın karbohidrogen resursları həm Avropa üçün, həm də bütün dost və müttəfiq ölkələr üçün etibarlı alternativ mənbədir. Bolqarıstan-Yunanıstan interkonnektorunun (IGB) açılışından sonra Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyi məhz Azərbaycan qazının hesabına bir xeyli güclənəcək. Azərbaycan dar günün dostu olduğunu bir daha təsdiqləyir. Avropa Birliyinin xarici siyasət kursunu müəyyənləşdirənlər yəqin ki, bundan ciddi nəticələr çıxaracaqlar. Zamanında Azərbaycanın Cənub Qaz Dəhlizi layihəsini irəli sürüb, onu demək olar ki, təkbaşına icra etdiyi dönəmlərdə Avropa Birliyi bu layihəyə siyasi dəstək versə də, lakin onun maliyyələşməsində iştirak etməkdən yayındı. Başqa sözlə desək, həmin vaxt Avropa liderləri bu layihənin geostrateji və geoiqtisadi əhəmiyyətini düzgün dəyərləndirə bilmədilər. Ancaq indi Rusiya-Ukrayna müharibəsi fonunda dünyada geosiyasi şərtlər kökündən dəyişib və necə deyərlər, avropalılar qış yuxusundan ayılıb, Azərbaycanın vazkeçilməz bir ölkə olduğunu dərk etməyə başlayıblar. Ümid edək ki, Brüsseldəki strateqlər bundan sonra Azərbaycanın qədrini biləcəklər.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri 

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »