“27 Sentyabr Anım Günü həm də milli birlik, həmrəylik təqviminə çevrilib”

0

Artıq 2 ildir ki, biz 44 günlük Vətən Müharibəsinin başlandığı günü əziz şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü kimi qeyd edirik. Hər il sentyabrın 27-də ölkəmizin bütün şəhər və kəndlərində şəhid məzarları bütün xalq tərəfindən ziyarət olunur, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarından keçmiş şəhidlərimizin ruhuna dualar oxunur, ehsanlar verilir. Bu mənada 27 Sentyabr Anım Günü həm də milli birlik, həmrəylik təqviminə çevrilib.

Prezident və Ali Baş Komandan İlham Əliyevin də Anım Gününü harda və hansı şəraitdə, hansı ovqatda qeyd etməsi xüsusi əhəmiyyət daşıyır. Xatırlayırsınızsa, keçən il birinci Anım Günündə şəhidlərimizə, itkin düşmüş soydaşlarımıza və qətlə yetirilmiş mülki vətəndaşlarımıza ehtiram əlaməti olaraq paytaxtımızsda möhtəşəm yürüş keçirildi. Prezident və Ali Baş Komandan, habelə birinci xanım Mehriban Əliyeva, kursantlar və hərbçilər şəhidlərimizin fotolarından ibarət plakatlarla yürüş edərək şəhidlərimizin ölməz olduğunu, onların qəlbimizdə daim böyük məhəbbətlə yaşayacaqlarını nümayiş etdirdilər. Bu il ikinci Anım Günündə isə dövlət başçısı və birinci xanım Füzuli rayonunun Qaraxanbəyli kəndində yollandılar, orada 27 sentyabr-Anım Gününə həsr olunmuş xatirə lövhəsinin açılışını edərək, qarşısına gül dəstələri qoydular, müqəddəs şəhidlərimizi ehtiramla yad etdilər.

Niyə məhz Qaraxanbəyli? Çünki Füzuli rayonunun Qaraxanbəyli, Qərvənd, Kənd Horadiz, Yuxarı Əbdurrahmanlı kəndləri, Cəbrayıl rayonunun Böyük Mərcanlı, Nüzgar kəndləri, Ağdərə və Murovdağ istiqamətlərindəki yüksəkliklər müharibənin ilk günündə -sentyabr ayının 27-də düşməndən təmizlənib. Və ilk şəhidlərimizi də məhz bu ərazilərdə gedən döyüşlər zamanı vermişik. Bax, bu mühüm məqam əsas kimi götürülərək şəhidlərimizin şərəfinə Qaraxanbəyli kəndinin yaxınlığında qaya parçasında abidə ucaldılıb. Bu bütün qəhrəman oğullarımızın şərəfinə ucaldılmış rəmzi bir abidədir. Bu abidənin açılışını bizim soydaşlarımız böyük məmnunluq hissilə qarşıladılar. Ermənilərin reaksiyası isə zənnimcə, ayrıca bir müzakirə mövzusu olmalıdır.

Sözügedən abidənin açılışı 44 günlük müharibədəki məğlubiyyətlərindən sonra ermənilərə vurulmuş növbəti ağır psixoloji zərbələrimizdən biri oldu. Belə bir abidənin açılışı ermənilərdə ruh düşkünlüyünü daha da artırır, natamamlıq kompleksini daha da gücləndirir. Ermənilər get-gedə daha da motivasiyasız və hədəfsiz bir topluma, kütləyə çevrilir. Məhz bu baxımdan Prezident İlham Əliyevin ikinci Anım Gününü Qaraxanbəyli kəndində şəhidlərimizin şərəfinə abidənin açılışı ilə qeyd etməsi mühüm psixoloji-siyasi önəm daşıyır.

Dövlət başçımız təkcə sözüylə deyil, həm də hərəkətləri ilə, işləri ilə düşmənlərimizə mesaj ünvanlayır. “Qoymayacağıq ki, bir daha düşmən başını qaldırsın!” mesajı da məhz bu baxımdan olduqca səciyyəvi mesajdır. İlham Əliyevin bu mesajı düşməni mənəvi-psixoloji cəhətdən əzən, sındıran mesajdır. Bizim özümüzdə isə bu mesaj milli birlik və həmrəylik hissini daha da gücləndirir. Mən əminəm ki, Vətən Müharibəsi günlərində ruhumuza hakim kəsilən birlik və həmrəylik əhval-ruhiyyəsi bundan sonra heç zaman əskilməyəcək və bizi yeni böyük hədəflərə doğru aparacaq!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »