“Anım Gününü həm qürur, həm də hüzn hissilə qeyd edirik”

0

Bu gün böyük Qələbəmizin başlanğıc gününü – 27 Sentyabr Anım Gününü həm qürur, həm də hüzn hissilə qeyd edirik. Tariximizin ən şərəfli səhifələrindən birini yazan əziz şəhidlərimizin şücaətini və şəhadətini anırıq. 30 ilə yaxın gözlədiyimiz və ölkəmizi 44 gündə şanlı Zəfərə aparan, torpaqlarımızın işğalına son qoyan hərbi əməliyyatlar məhz bu gün başlayıb. 2020-ci il sentyabrın 27-də Ermənistan Silahlı qüvvələrinin növbəti dəfə bütün cəbhəboyu genişmiqyaslı təxribat törətməsinə cavab olaraq müzəffər Azərbaycan Ordusu “Dəmir yumruq” adlandırılan əks-hücum əməliyyatına başladı.

Mən müharibənin birinci günü Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin televiziya ilə xalqa müraciət edərək Ermənistan silahlı qüvvələrinin bir neçə istiqamətdən yaşayış məntəqələrimizi, hərbi mövqelərimizi atəşə tutduğunu, nəticədə mülki əhali və hərbçiıərimiz arasında itkilərin, yaralananların olduğunu bəyan etməsini bu gün də həyəcan hissilə xatırlayıram. Həmin anlarda hamımız qeyri-adi hisslər yaşayırdıq. Həyəcanla bərabər həm də qürur hissi keçirirdik. Çünki illərdir gözlədiyimiz o tarixi an – düşmənə qiyamətə qədər unutmayacağı cavab anı nəhayət ki, gəlib çatmışdı.

Mən Ordumuzun əks-hücum əməliyyatına başladığı barədə xəbəri eşidən kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ərazi üzrə idarəsinə müraciət etdim, döyüşə yollanmaq üçün könüllülər sırasına qatıldım. İkinci Qarabağ müharibəsinə qatılmaq başqa siyasətçilərimizi deyə bilmərəm, şəxsən mənim çoxdankı arzum idi. Çünki mən Birinci Qarabağ müharibəsində də iştirak etmişdim, ehtiyatda olan zabit idim və Qələbə savaşımızda iştirak edib düşməndən qisas alınmasında mənim də payımın olmasını istəyirdim. Lakin bu savaşda mənim kimi yaşlı könüllülərə, veteranlara ehtiyac qalmadı.

İgid əsgər və zabitlərimiz, qəhrəman qazilərimiz 44 gün ərzində düşmənə elə bir ağır zərbə vurdular ki, nəticədə dünya erməniliyinin əsrlərdən bəri təbliğ etdiyi arzuları, mifik hədəfləri sabun köpüyü kimi puç oldu, bizim isə yaralarımız sarılmış oldu. Bizi böyük Zəfərə aparan 44 günlük Vətən müharibəsinin hər günü Şanlı Ordumuzun yeni-yeni qələbələri ilə, irəliləyişi ilə tarixə düşüb. O dönəmdə bütün xalqımız hər günün yekununda Ali Baş Komandanın canlı müraciətini və ya “tvit”lərini böyük səbrsizliklə gözləyir, işğaldan azad olunmuş yaşayış məntəqələrinin, məhv olunmuş döyüş texnikalarının, silahların siyahısını böyük sevinc hissilə qarşılayırdı.

Bəli, Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad edilməsi, cəsur xüsusi təyinatlılarımızın Şuşada üçrəngli bayrağımızı yenidən ucaltması tariximizin həqiqətən də ən böyük uğurlarından biridir. Bu uğura biz hamımız – Azərbaycan Ordusu, Azərbaycanın Ali Baş Komandanı və Azərbaycan xalqı birlikdə imza atmışıq. Bu Zəfər Ordu-Dövlət-Xalq birliyi sayəsində qazanılıb. Xalqımız və siyasi qüvvələrimiz 44 gün ərzində bütün dünyaya əsl milli həmrəylik nümayiş etdirib.

Biz bu günü ona görə Anım Günü kimi qeyd edirik ki, 44 gün ərzində o torpaqlarımızın hər qarışı şəhid qanıyla yoğrulub. Xalqımız və dövlətimiz Vətən uğrunda canlarından keçmiş əsgərlərimizin, zabitlərimizin xatirəsini əziz tutur və hər zaman dərin ehtiramla yad edir. Bu gün ölkənin bütün şəhər və rayonlarında minlərlə insan müqəddəs ziyarətgaha, and yerinə çevrilmiş Şəhidlər xiyabanına, şəhid məzarlıqlarına axışır, hər yerdə şəhidlərin ruhuna dualar oxunur. Onlar bizim uğrumuzda, biz bu torpaqlar üzərində təhlükəsiz və firavan yaşayaq deyə şəhid olublar. Ona görə də əziz şəhidlərimizə hər birimizin vəfa və şükran borcumuz var. Onları anmaq və gələcək nəsillərə tanıtmaq müqəddəs borcumuzdur. Şəhidlər məhz xatırlandıqca diri olurlar, ölməz olurlar. Biz Milli Həmrəylik Partiyası olaraq bütün şəhidlərimizin ruhları qarşısında dərin ehtiram hissilə baş əyir, qazilərimizə isə həm cansağlığı diləyir, həm də təşəkkürlərimizi bildiririk!

Mən əminəm ki, biz xalq, dövlət və ordu olaraq bundan sonra da sıx birliyimizi, həmrəyliyimizi qoruyub saxlayacayıq. Çünki Cənubi Qafqazda hələ də sülhün bərqərar olmasını istəməyən, mənfur düşmənimizi – Ermənistanı yenidən üzərimizə qızışdırmağa çalışan qüvvələr var. Havadarlarına arxalanan Ermənistan 10 noyabr razılaşması ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən hər vasitə ilə yayınır və tez-tez təxribatlar törədir. Lakin biz haqq yolundayıq. Bizim işimiz haqq işidir və biz yenə də Zəfər qazanacağıq. Bununçünsə ölkədə, cəmiyyətdə ilk növbədə milli birliyin olması şərtdir. 27 Sentyabr – Anım Günü də milli birliyimizi daha da gücləndirən amillərdən biridir. “Şəhidlər ölməz, Vətən bölünməz” anlayışı ilə hamımız birlikdə haqq yolumuza, haqq davamıza davam edəcəyik!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »