Avstriya Respublikasının paytaxtı Vyana şəhərində yerləşən,Vyananın ən qədim kilisəsi olan Müqəddəs Peter kilsəsində “Şuşa İli” və Diasporla İş üzrə Dövlət Komitəsinin yaradılmasının 20 illiyi münasibətilə “Azad Şuşa” adlı konsert keçirilib.
Avstriya Azərbaycanlıları Cəmiyyətindən verilən məlumata görə, cəmiyyətin və Vyanada fəaliyyət göstərən ”Culture Meeting Point” təşkilatının təşkilatçılığı ilə baş tutan tədbirdə Vyanada akkreditasiya olunmuş diplomatik korpusun, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.
Konsert öncəsi çıxış edən “Culture Meeting Point” qurumunun musiqi üzrə rəhbəri, incəsənət üzrə fəlsəfə doktoru, musiqişünas Fərəh Tahirova 2022-ci ilin Azərbaycanda “Şuşa İli“ elan olunduğunu bildirib. Qeyd edib ki, Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhəri Azərbaycan mədəniyyətinin inkişafında misilsiz rol oynayıb. Dahi bəstəkar Üzeyir Hacıbəyli başda olmaqla, Niyazi, Bülbül, Xan Şuşinski və digər tanınmış şəxsiyyətləri Azərbaycan musiqi mədəniyyətinə bəxş edib.
O, nəzərə çatdırıb ki, orqan konserti Şərqlə Qərb arasında musiqi körpüsü xarakteri daşıyır və bu konsert çərçivəsində Avstriyada ilk dəfə Azərbaycan muğam musiqisi orqan alətinin ifasında təqdim ediləcək.
Fərəh Tahirova bu konsertin ərsəyə gəlməsində göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə, Avstriya Azərbaycanlıları Cəmiyyətinə və Müqəddəs Peter kilsəsinin direktorluğuna minnətdarlığını bildirib.
Sonra ABŞ-da yaşayan azərbaycanlı musiqiçi, Azərbaycan-Amerika Musiqi Fondunun təsisçisi və icraçı direktoru, professor Cəmilə Cavadova-Spitzberq çıxış edib. Tanınmış musiqiçinin ifasında Azərbaycan və alman bəstəkarları Qara Qarayev, Vasif Adıgözəlov, Aqşin Əlizadə, Yohann Ernst Eberlin, Georq Mufat və Yozef Rennerin əsərləri təqdim edilib.