“Zəngəzur dəhlizi marşrut boyu yerləşən bütün ölkələr üçün faydalı olacaqdır”

0

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sentyabr ayının 16-da Özbəkistan Respublikasının Səmərqənd şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatına üzv ölkələrin Sammitində çıxışı zamanı qeyd etmişdir.

Qeyd etməliyik ki, Şanxay Əməkdaşlıq Təşkilatının fəaliyyəti əsasən üç istiqamət üzrə təşkil edilib. Bunlar təhlükəsizlik, hərbi tərəfdaşlıq və iqtisadi əməkdaşlığın genişləndirilməsidir. 9 ölkənin daxil olduğu qurumda Rusiya, Çin və Hindistan kimi dünya iqtisadi nəhənglərinin təmsil olunması təşkilatın ciddiliyindən xəbər verir. Belə ki, hesablamalar göstərir ki, yaxın gələcəkdə bu üç ölkənin dünya ümumdaxili məhsulunda payının 50 faizədək böyüyəcəyi gözlənilir. Bu isə o deməkdir ki, dünya iqtisadi gücü yaxın onillikdə qərbdən şərqə doğru yönələcəkdir. Sözsüz ki, bu iqtisadi gücdən Azərbaycanın da faydalanması marağımızdadır. Həmçinin son illər ölkəmizin artan iqtisadi-siyasi nüfuzu Şanxay Əməkdaşlıq Təşkilatının üzvləri üçün də cəlbedicidir. Bundan əlavə qeyd etməliyik ki, Şanxay Əməkdaşlıq Təşkilatının məqsədləri sırasında qarşılıqlı etimad və əməkdaşlığın gücləndirilməsi ilə yanaşı sülh, təhlükəsizlik və sabitlik naminə birgə səylərlə fəaliyyət göstərilməsi daxildir.

Toplantıda çıxış edən dövlətimizin başçısı bir sıra vacib məsələlərə toxunaraq fikirlərini bildirmişdir. Cənab Prezidentin çıxışı zamanı xüsusi olaraq toxunduğu məsələrlərdən biri də Azərbaycanın beynəlxalq nəqliyyat sistemində rolunun artmasından və bu istiqamətdə son dövrlərdə görülmüş işlər oldu.

Qeyd etməliyik ki, hazırda ölkəmiz Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən biridir. Azərbaycan Şimal-Cənub və Şərq-Qərb beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayır. Ölkəmiz tərəfindən Transxəzər beynəlxalq nəqliyyat marşrutunun səmərəli istifadəsinə səy göstərilir. Məhz bunun məntiqi nəticəsidir ki, son illərdə ölkəmizdə yükdaşımaların həcmi xeyli artmışdır.

Məlumat üçün qeyd etməliyik ki, bu ilin ilk 7 ayında Azərbaycan ərazisindən keçən tranzit 50 faizə yaxın artıb. Bundan əlavə Azərbaycan 52 gəmi ilə Xəzər dənizində ən böyük mülki yük donanmasına malikdir. Həmçinin xüsusi olaraq vurğulamalıyıq ki, hazırda Bakı gəmiqayırma zavodu bütün növ gəmilər istehsal edə bilir. Ölkə başçısı Azərbaycanda nəqliyyat sistemində görülmüş böyük işlərdən danışaraq qeyd etmişdir ki, ölkəmizdə son 20 ildə 19 min kilometr avtomobil yolu, 1400 kilometr dəmir yolu tikilib və ya əsaslı təmir edilib. Hava nəqliyyatına gəldikdə isə Azərbaycan 18 təyyarə ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə malikdir.

Ölkə başçımız Azərbaycanla Ermənistan arasındakı münasibətlərə də toxunaraq qeyd etmişdir ki, Ermənistanın təcavüzkar siyasəti təkcə Azərbaycan üçün deyil, bütün region üçün təhlükə yaradır. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsində əldə etdiyi Qələbədən sonra Ermənistanla mövcud münaqişənin artıq geridə qaldığını bildirmişdir. Bu gün Azərbaycan 2020-ci il İkinci Qarabağ müharibəsindəki Qələbədən sonra işğaldan azad edilmiş ərazilərdə minlərlə kilometr avtomobil yolu və yüzlərlə kilometr dəmir yolu çəkir.

Lakin Ermənistanın sərhəd bölgələrində həyata keçirdiyi təxribatlar iki ölkə arasında sülhün əldə edilməsi üçün əngəllər yaratmaqdadır. Hazırda bütün təxribatlara baxmayaraq işğaldan azad edilmiş ərazilərimizdə geniş miqyaslı tikinti, quruculuq, abadlıq işləri aparmaqdadır. Öz doğma yurdlarından qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş soydaşlarımızın evlərinə qayıtması üçün “Böyük qayıdış”ı reallığa çevirmək məqsədilə dövlətimiz tərəfindən böyük işlər görülməkdədir. Bundan əlavə Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması və bərpası, o cümlədən beynəlxalq nəqliyyat əlaqələrinin inkişafı üzrə genişmiqyaslı işlər görülməkdədir. Xüsusilə Zəngəzur dəhlizinin reallığa çevrilməsi istiqamətində mühüm addımlar atılmaqdadır.

Cənab Prezidentin də qeyd etdiyi kimi Zəngəzur dəhlizinin işə düşməsi təkcə ölkəmiz üçün deyil bütün region, xüsusilə türk dünyası üçün böyük əhəmiyyət kəsb edir.

Samir Baxşiyev
YAP Siyəzən rayon təşkilatının sədri

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »