Səfirimiz Moldova mətbuatında Ermənistanın genişmiqyaslı təxribatından bəhs edib

0

Ölkəmizin Moldovadakı səfiri Qüdsi Osmanovun Ermənistanın genişmiqyaslı təxribatından bəhs edən “Azərbaycan regionda gərginliyin artmasında maraqlı deyil” başlıqlı məqaləsi Moldovanın nüfuzlu “NOİ”, “Rupor”, “Timpul”, “Realitetea”, “Tribuna”, “Dosarmedia” “Politik” xəbər portallarında, “TV8”, “Publika”, “Primelestiri” “Jurnal” televiziya kanallarında rumın və rus dillərində yayımlanıb.

Məqalədə bu törədilməsində bilavasitə Ermənistan hakimiyyətinin siyasi məsuliyyət daşıdığı qeyd edilib. “Ermənistan-Azərbaycan şərti sərhədində növbəti hərbi təxribata görə məsuliyyət Ermənistanın üzərinə düşür, çünki gərginliyin artması işğaldan azad edilmiş ərazilərin bərpası, onların gələcək inkişafını təmin etmək məqsədilə irimiqyaslı layihələr həyata keçirən Azərbaycanın maraqlarına birmənalı olaraq uyğun deyil”, – deyə Qüdsi Osmanov vurğulayıb.

Məqalədə səfir diqqəti Azərbaycanın regionda sülh, sabitlik, təhlükəsizlik və dinamik inkişafın təminatçısı olaraq daim xoşməramlı addımlar atmasına yönəldib. “Prezident İlham Əliyevin dəfələrlə qeyd etdiyi kimi, Azərbaycan regionun təhlükəsizliyi, sabitliyi və inkişafı naminə sülhə hazır olmaqla yanaşı, həm də bu sülhün təminatçısı kimi çıxış etməyə qadirdir. Azərbaycan nəinki təşəbbüs göstərir, həm də bunu praktikada tətbiq edir. Məsələn, Azərbaycan ərazisində saxlanılan daha 5 nəfər Ermənistan vətəndaşının birbaşa, üçüncü dövlətlərin vasitəçiliyi olmadan qarşı tərəfə təhvil verilməsi, hakimiyyət orqanlarının bu istiqamətdə addımlar atması, Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq qurması, regionda əlverişli infrastrukturun yaradılması təşəbbüsləri bir daha göstərir ki, Azərbaycan sülhsevər ölkədir”, – deyə səfir bildirib.

Məlum təxribatla əlaqədar, Azərbaycanla bağlı həqiqətlər, Ermənistanın sülh quruculuğuna qarşı yönəlmiş fəaliyyətini əks etdirən 40-dan artıq reportaj, məqalə, xəbər və məlumat operativ və ardıcıl olaraq Səfirliyin sosial şəbəkə hesablarında, eləcə də Moldovanın tanınmış yerli televiziya kanalları, xəbər portalları və mətbuatında rumın və rus dillərində yayımlanıb.

Moldovada yayımlanmış məlumatlarda təxribat və itkilərə görə məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü, Ermənistanı toqquşmaya sövq edən amillər, xarici işlər naziri Ceyhun Bayramovun ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Karen Donfrid ilə telefon danışığında müzakirə edilmiş məsələlər, Aİ-nin xüsusi nümayəndəsinin danışıqlar məqsədilə hər iki ölkəyə səfərinin nəzərdə tutulması, regionda gərginliyin artmasının Azərbaycanın marağında olmaması, Azərbaycanın bölgədə sülhün, sabitliyin, təhlükəsizliyin və dinamik inkişafın təminatçısı olması, Ermənistan təxribata əl atmaqla sülh müqaviləsinin imzalanmasının qarşısını almaq cəhdləri və digər vacib məsələlər öz əksini tapıb.

 20 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »