Biz Milli Həmrəylik Partiyası (MHP) olaraq bu bəyanatı dünya ictimaiyyətinə, ilk növbədə isə özünü təcavüzkar Ermənistanın və Azərbaycan ərazilərindəki separatçı-terrorçu erməni dəstələrinin himayədarı kimi aparan böyük dövlətlərin liderlərinə, parlamentarilərinə ünvanlayır və onları ədalətli mövqe tutmağa, Ermənistanın revanşist siyasətini pisləməyə, Paşinyan hökumətini avantürist, təxribatçı hərəkətlərdən çəkindirməyə çağırırıq.
Çünki biz hesab edirik ki, cari ilin sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin, erməni diversiya qruplarının Azərbaycan dövlət sərhədini pozaraq Daşkəsən, Kəlbəcər, Laçın istiqamətində təxribatlar törətməsinin günahı təkcə Ermənistanın mövcud hakimiyyətində deyil. Bu proseslərdə Ermənistana havadarlıq edən qlobal geosiyasi aktorların, Minsk Qrupunu reanimasiya edib yenidən dirçəltməyə çalışan həmsədr ölkələrin də üzərinə böyük məsuliyyət düşür. Bəli, məhz onların dəstəyi və himayəsi rəsmi İrəvanı təxribatlar törətməyə cürətləndirir. Xüsusən də ABŞ və Fransa Ermənistanı açıq-aşkar qızışdırıcı hərəkətlərə təhrik edir.
Əslində hər kəsə gün kimi aydındır ki, Ermənistandan fərqli olaraq Azərbaycan sözdə yox, real anlamda sülhsevər ölkədir və regionda hərbi gərginliyin artmasında qətiyyən maraqlı deyil. Çünki Azərbaycan hazırda işğaldan azad edilmiş ərazilərdə – erməni vandallarının xarabalığa çevirdiyi torpaqlarda genişmiqyaslı bərpa-yenidənqurma işləri aparır və Böyük Qayıdışın (məcburi köçkünlərimizin öz dədə-baba yurdlarına qayıdışının) təmin edilməsi üçün bölgəyə külli miqdarda sərmayələr yatırır. Bu cür böyük quruculuq işləri aparan bir ölkənin hərbi eskalasiyaya, münaqişələrə meylli olması qətiyyən inandırıcı görünmür.
Əksinə, Azərbaycan bir an öncə Ermənistan ilə yekun sülh sazişi imzalayaraq Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasına can atır və bunu həmsədr ölkələr də, dünya birliyi də çox yaxşı bilir. Onlar Ermənistanın təcavüzkar dövlət olduğunu və Paşinyanın hal-hazırda Azərbaycan ərazisində yaşayan ermənilər üzərindən manevrlər etdiyini, dünyanı aldatmağa çalışdığını bizdən də yaxşı bilirlər. Lakin buna baxmayaraq onlar Ermənistanı öz təcavüzkar əməllərindən çəkindirməyə heç bir səy göstərmirlər. Ona görə də Ermənistan Azərbaycana qarşı ardıcıl və sistemli xarakter daşıyan təxribatlar törətməyə davam edir və yəqin ki, bundan sonra da təxribatlarını davam etdirəcək. Ancaq Azərbaycan bu təxribatların qarşısını almağa qadirdir. Ermənistanın son genişmiqyaslı təxribatına qarşı Ordumuzun həyata keçirdiyi adekvat cavab tədbirləri də bir daha hamıya göstərdi ki, Azərbaycanın qarşı tərəfin istənilən təxribatının qarşısını almağa və öz ərazi bütövlüyünü, suverenliyini qorumağa, strateji mövqelərini möhkəmləndirməyə gücü çatır. Bunu Ermənistanın havadarları da bilməlidir.
Biz Milli Həmrəylik Partiyası olaraq BMT Təhlükəsizlik Şurasına üzv dövlətləri Ermənistan rəhbərliyini sülh danışıqlarının ləngiməsinə xidmət edən pozucu hərəkətlərindən əl çəkməyə və Azərbaycanın ərazi bütövlüyünə, suverenliyinə qəsd xarakterli hərbi təxribatlara son qoymağa dəvət etməyə, daha doğrusu, məcbur etməyə çağırırıq. Bəli, bunu ilk növbədə siz etməlisiniz. Çünki siz dünyada sülhün və təhlükəsizliyin qarantı roluna iddialısınız. Ona görə də Ermənistan kimi təcavüzkar dövləti sülhə məcbur etmək bilavasitə sizin borcunuzdur. Lakin sizin bunu etməyəcəyiniz təqdirdə, biz özümüz rəsmi İrəvanı sülh sazişini imzalamağa məcbur edəcəyik. Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu buna qadirdir.
Milli Həmrəylik Partiyası 44 günlük İkinci Qarabağ müharibəsi zamanı olduğu kimi indi də mübariz Azərbaycan Ordusunun, Azərbaycan Prezidenti və Ali Baş Komandanı İlham Əliyevin yanındadır. Dostlarımız da, düşmənlərimiz də istər Azərbaycan xalqının, istərsə də ölkəmizin siyasi qüvvələrinin taleyüklü məsələlərdə milli birlik və həmrəylik nümayiş etdirmək əzminə və təcrübəsinə bələddir. Biz bölgəmizə sülh və əminamanlığın gəlməsi naminə birlik nümayiş etdiririk. Biz təcavüzkar ölkənin ədalətsizliyinə qarşı mübarizə aparmaq üçün həmrəylik mövqeyindən çıxış edirik. Və biz dünya birliyini də şərə qarşı, ədalətsizliyə qarşı mübarizə aparan Azərbaycanın yanında olmağa səsləyirik!
14 sentyabr 2022-ci il.
Bakı.