Televizorlar, noutbuklar və telefonlardan gələn mavi işıq bədənin yaşlanmasını sürətləndirə bilər – araşdırma
Son araşdırmaya görə, alimlər cihazlardan gələn mavi işığa məruz qalmağın hüceyrələrin strukturunu dəyişdirə, insan orqanizminə zərər verə və qocalma prosesini sürətləndirə biləcəyi qənaətinə gəliblər.
“Televizorlar, noutbuklar və telefonlar kimi gündəlik cihazların mavi işığa həddindən artıq məruz qalması bədənimizdəki dəri hüceyrələrindən və yağdan tutmuş sensor neyronlara qədər müxtəlif hüceyrələrə zərərli təsir göstərə bilər” – tədqiqatın baş müəllifi Dr. Jadviga Gibultowicz bildirib. “Tədqiqatımız göstərir ki, mavi işığa həddindən artıq məruz qalmamaq yaxşı bir yaşlanma əleyhinə strategiya ola bilər.”
Araşdırmanın nəticələri “Frontiers in Aging” jurnalında dərc olunub.
Oreqon Dövlət Universitetinin alimlərinin əvvəlki araşdırmaları göstərib ki, işığa məruz qalan milçəklərin stressdən qoruyan genləri “açılır”, daimi qaranlıqda saxlanılanların isə, daha uzun ömür sürür.
Yüksək enerjili mavi işığın niyə milçəklərinin qocalmasını sürətləndirdiyini anlamaq üçün, alimlər iki həftə mavi işığa məruz qalan milçəklərdə və qaranlıqda saxlanılan milçəklərdəki metabolitlərin səviyyələrini müqayisə ediblər.
Onlar müəyyən ediblər ki, mavi işığa məruz qalma milçək başının hüceyrələrində ölçülən metabolitlərin – normal hüceyrə funksiyası üçün vacib olan kimyəvi maddələrin səviyyələrində əhəmiyyətli fərqlərə səbəb olur.
Tədqiqatçılar süksinat metabolitlərinin səviyyəsinin yüksəldiyini və qlutamat səviyyələrinin azaldığını aşkar etdilər.
“Süksinat hər bir hüceyrənin işləməsi və böyüməsi üçün lazım olan yanacağın istehsalı üçün vacibdir. Mavi işığa məruz qaldıqdan sonra, yüksək suksinatın səviyyəsini nasosda olan, lakin avtomobilə girməyən benzinlə müqayisə etmək olar”, – Gibultoviç izah etdi.
Növbəti addım, enerji istehsalında iştirak edən metabolitlərdə oxşar dəyişikliklərin olub-olmadığını görmək üçün, mavi işığın birbaşa insan hüceyrələrinə təsirini öyrənməkdir.
Gibultoviç deyib ki, bu, xüsusilə vacibdir, çünki alimlər milçəklər üzərində “kifayət qədər güclü mavi işıq” istifadə ediblər. İnsanlar daha az intensiv işığa məruz qalırlar, buna görə də hüceyrə zədələnməsi daha az əhəmiyyətli ola bilər.