Brüsseldə baş tutan görüş Azərbaycan diplomatiyasının uğurudur

0

Ötən gün Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin təşəbbüsü və iştirakı ilə Brüsseldə 4-cü dəfə bir araya gəldi. Qalib ölkə olaraq əlbəttə, bizim bu görüşdən müəyyən gözləntilərimiz vardı və biz təxminən 4 saat davam edən bu görüşün Azərbaycan üçün müsbət nəticələnəcəyini öncədən bilirdik. Odur ki, dünən Brüsseldə baş tutan görüşü tam əminliklə Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirə bilərik.

Burda heç bir pafosdan, mübaliğədən söhbət gedə bilməz. Uğuru uğur kimi də qiymətləndirməyi bacarmalıyıq. Biz Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişelin mətbuata verdiyi bəyanata əsaslanaraq görürük ki, görüş zamanı aparılan müzakirələr kifayət qədər açıq və məhsuldar olub. Özüylə Brüsselə az qala bir ordu qədər cangüdən aparan Ermənistanın Baş naziri Nikol Paşinyan isə Brüsseldə baş tutan üçtərəfli görüşlə bağlı açıqlamasında deyib ki, “Brüsseldə müzakirələr geniş keçdi, amma asan olmadı”. Paşinyanın belə bir fikir səsləndirməsi əlbəttə, təbiidir. Çünki o bu danışıqlarda məğlub ölkəni təmsil edən tərəf kimi iştirak edirdi və həm qalib ölkənin liderinin (İlham Əliyevin), həm də vasitəçinin (Şarl Mişelin) diktə etdiyi şərtləri, “oyun qaydaları”nı qəbul etmək zorundaydı.

Ermənistanın baş naziri sözügedən açıqlamasında dolayısı yolla özü də bu həqiqəti etiraf edir, diktə olunan sülh gündəliyini qəbul etdiklərini vurğulayır: “Bizim məqsədimiz regionda sülhün olmasıdır. Ermənistan hökuməti sülh gündəliyini qəbul edib və bu gündəliyi həyata keçirmək üçün bizə qətiyyət lazımdır. Biz başa düşməliyik ki, bu, asan deyil, ardıcıl işləməyə davam etməliyik”. Bəli, Paşinyan anlayır ki, bu proses asan deyil, lakin Ermənistanın başqa bir yolu yoxdur, yalnız prosesi davam etdirmək lazımdır. Dördüncü Brüssel görüşünü inqilabi edən məqam da məhz Paşinyanın bu etirafıdır və bu eyni zamanda Azərbaycan diplomatiyasının uğur göstəricisidir.

Artıq hamımız bilirik ki, dünənki görüşdə Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən sülh müqaviləsi üzrə irəliləyiş üçün prosesin gücləndirilməsi haqqında hər iki tərəf arasında razılaşma əldə edilib və sülh müqaviləsinin mətn layihələri üzərində işləmək üçün hər iki ölkənin xarici işlər nazirlərinə qarşıdakı bir ay müddətində görüşmək tapşırığı verilib. Bax, bu artıq real nəticədir.

Görüşdə müzakirə olunan digər məsələlər üzrə əldə edilən nəticələr də onu göstərir ki, bu nəticələr Azərbaycan tərəfinin ilk gündən sülhə dair verdiyi təkliflərlə tam üst-üstə düşür. Ermənistanın revanşist müxalifətini və ekspertlərini qıcıqlandıran əsas məqam da elə budur. Onlar istər Brüsseldə, istərsə də Moskvada təşkil olunan görüşlərin Azərbaycan tərəfinin psixoloji üstünlüyü şəraitində keçməsini heç cürə həzm edə bilmirlər, prosesin nəticələri ilə barışa bilmirlər. Ancaq barışmalı olacaqlar.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

 165 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »