Şabran rayonunun Çuxurəzəmi kəndi yaxınlığında dağlıq-meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş zəruri və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb. Hazırda yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.
İctimairey.az xəbər verir ki, bu barədə Siyəzən Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi Əkbər Muradov məlumat verib. Onun sözlərinə görə, dağlıq ərazidə baş verən yanğının söndürülməsi üçün əraziyə Şabranla yanaşı, Siyəzən, Xızı və Xaçmaz Dövlət Yanğından Mühafizə Bölməsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Bundan əlavə, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları da yanğının söndürülməsində iştirak edirlər.
Ə.Muradov yanğının, ümumilikdə, 3 hektar sahəni əhatə etdiyini və hazırda ərazidə soyutma işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, ərazidə yanğın avqust ayının 30-da qeydə alınıb.Yanğınsöndürmə işlərini sürətləndirmək və daha geniş əraziyə yayılmasının qarşısını almaq məqsədilə, əlavə olaraq FHN-in Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri yanğınla mübarizə tədbirlərinə cəlb olunub.