İlham Əliyev: Türkiyənin uğurları Azərbaycanın qürurudur

0

Azərbaycan prezidenti türkiyəli həmkarını Qələbə günü münasibətilə təbrik edib.

Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu ünvanlayıb.

Türkiyənin Zəfər Gününün 100-cü ildönümünə həsr olunmuş məktubun mətnini Azərbaycan Prezidentinin mətbuat xidməti yayıb.

“100 il əvvəl Qazi Mustafa Kamal Atatürkün komandanlığı ilə Dumlupınarda qazanılan parlaq Zəfər qardaş Türkiyə xalqının qəhrəmanlıq tarixinin ən şanlı səhifələrindən biridir. Türkiyənin istiqlal mücadiləsi salnaməsinə qızıl hərflərlə yazılan bu böyük qələbə xalqınızın əyilməz iradəsinin, yenilməzliyinin, birliyinin və cəsarətinin bariz nümunəsidir. Şücaət göstərmiş, Vətənin azadlığı və müstəqilliyi yolunda canlarından keçmiş qəhrəmanların xatirəsini dərin ehtiramla yad edirik”, – deyə dövlətimizin başçısının müraciətində deyilir.

İlham Əliyev qeyd edib ki, parlaq qələbədən bir əsr sonra Türkiyə Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə hərtərəfli inkişaf edən, güclü və qüdrətli ölkədir.

“Dünyada və regionda baş verən mürəkkəb proseslərlə bağlı qətiyyətli və prinsipial mövqeyi, sülh və ədalətin bərqərar olması istiqamətində ardıcıl səyləri ilə Türkiyə beynəlxalq aləmdə nüfuz qazanıb. Türkiyənin bütün sahələrdə əldə etdiyi uğurlar böyük qürur doğurur”, – İlham Əliyev qeyd edib.

Azərbaycan rəhbəri qeyd edib ki, “Bir millət – iki dövlət” prinsipinə əsaslanan Azərbaycan-Türkiyə birliyi, qardaşlığı, müttəfiqliyi kimi dünyada ikinci nümunə yoxdur.

“Dövlətlərarası münasibətlərimizin gündən-günə genişlənməsi və yeni məzmunla dolması məmnunluq doğurur. Əminəm ki, Şuşa Bəyannaməsinə əsaslanan, tarixən bir-birini dəstəkləyən qardaş xalqlarımızın iradəsi əsasında strateji müttəfiqliyin möhkəmləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlığın dərinləşdirilməsi istiqamətində birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik”.

Azərbaycan Prezidenti Türkiyə dövlətinin başçısına möhkəm cansağlığı, xoşbəxtlik və işində uğurlar, Türkiyə xalqına isə əbədi sülh və firavanlıq arzulayıb.

Loading

Leave A Reply

Your email address will not be published.

Tərcümə »