Böyük Qayıdış gününə bir addım da yaxınlaşdıq.

0

Şanlı ordumuzun dünən Laçın şəhərini, Zabux, Sus yaşayış məntəqələrini nəzarətə götürməsi ilə işğaldan azad olunmuş ərazilərə Azərbaycanın tam nəzarəti təmin olundu. Dünəndən etibarən Azərbaycan Respublikasının Dövlət Bayrağı Laçın şəhərində dalğalanır. Bu, 44 günlük Vətən müharibəsində ön cəbhədə – döyüş meydanlarında düşmən üzərində əldə etdiyimiz böyük Zəfərin daha bir tarixi nəticəsidir.

2020-ci il noyabrın 10-da Azərbaycan, Rusiya prezidentləri və Ermənistan baş nazirinin birgə imzaladıqları üçtərəfli bəyanatın müddəalarına əsasən, “Laçın dəhlizi”nə alternativ yolun çəkilməsi və bunun nəticəsində Laçın şəhərinin və digər yaşayış məntəqlərinin Azərbaycan Ordusunun nəzarətinə keçməsi prosesi üç il ərzində öz həllini tapmalıydı. Lakin Azərbaycan bu prosesi daha qısa zaman ərzində yekunlaşdırmağı bacardı, sözügedən ərazilərimizə nəzarətin təmin olunması vaxtından tez icra edildi. Hərçənd ki, rəsmi İrəvan və hazırda Xankəndidə cəmləşən terrorçu-separatçı erməni çətələri bu prosesə hər vasitə ilə mane olmağa çalışırdı.

Onlar bu məqsədlə zaman-zaman ən müxtəlif təxribatlara əl atırdılar və hətta bu ilin avqustun 3-də ermənilərin Laçın istiqamətində törətdikləri növbəti təxribat nəticəsində vəziyyətin kəskin gərginləşməsindən sonra Ermənistan rəhbərliyi Azərbaycanın Laçın dəhlizi ilə bağlı tələblərini qanunsuz adlandırıraraq işğal dönəmində Laçının mərkəzində və digər məntəqələrində qanunsuz məskunlaşmış ermənilərin ərazidən çıxarılmasını yubatmağa, süni şəkildə vaxtı uzatmağa cəhd göstərirdi. Əlbəttə, Ermənistanın özünün buna heç vaxt cəsarəti çatmazdı. Həmişə olduğu kimi Ermənistan budəfə də xarici ağalarına güvənirdi. Lakin Azərbaycan Ordusunun uğurla həyata keçirdiyi “Qisas” əməliyyatı Ermənistan rəhbərliyinin bütün ümidlərini və planlarını alt-üst etdi.

Rəsmi İrəvanın bütün səylərinə və vurnuxmalarına baxmayaraq avqustun 25-də Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin tam boşaldılması prosesi başa çatdı. Biz prosesin bu cür uğurla yekunlaşmasında Prezident və Ali Baş Komandan İlham Əliyevin rolunu xüsusilə qeyd etməliyik. Prezident İlham Əliyevin zaman və məkan şərtlərini düzgün hesablaya bilməsi və onun qəbul etdiyi doğru qərarlar prosesi daha tez həyata keçirməyə imkan verdi, Azərbaycan Ordusunun Laçın şəhərinə daxil olmasını təmin etdi. Onun qətiyyətli mövqeyi bu məsələdə son nöqtəni qoydu.

Laçın şəhəri, Zabux və Sus yaşayış məntəqələrinin Azərbaycanın nəzarətinə keçməsinə sıradan bir texniki məsələ kimi baxmaq olmaz. Bu hadisə tarixi əhəmiyyətli hadisə olmaqla yanaşı, həm də olduqca strateji önəm daşıyır. Məsələ burasındadır ki, bu ərazilərin Azərbaycanın nəzarətinə keçməsi ilə artıq “Laçın dəhlizi” ifadəsi də tarixə qovuşdu və bundan sonra alternativ yola dəhliz statusunun verilib-verilməyəcəyi ilə bağlı Azərbaycanın diktə imkanlarını artırdı.

Vaxtilə (44 günlük müharibədən əvvəlki dönəmlərdə) aparılan sülh danışıqlarında məhz “Laçın dəhlizi” məsələsində heç cürə güzəştə getmək istəməyən Ermənistan indi Qarabağ və Zəngəzur ərazilərinə nəzarət və diktə etmək imkanlarını tamamilə itirib. Başqa sözlə desək, “Laçın dəhlizi”nin Azərbaycan Ordusunun nəzarətinə keçməsi ermənilərin “bel”ini qırdı. Artıq əminliklə deyə bilərik ki, Laçın rayonu tam şəkildə öz tarixi sahiblərinə qaytarıldı, Böyük Azərbaycan ailəsinə qovuşdu, torpaqlarımız üzərində suverenliyimiz bərpa edildi. Beləliklə, biz Böyük Qayıdış gününə bir addım da yaxınlaşdıq. Həmişə azadlıqda, Laçın!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

 162 baxış

Leave A Reply

Your email address will not be published.

Tərcümə »