Ədliyyə Nazirliyinin Penitensiar Xidməti ilə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu arasında təsdiq olunmuş Tədbirlər Planının icrası çərçivəsində 16 saylı cəzaçəkmə müəssisəsində narkomanlığa qarşı mübarizə mövzusunda maarifləndirmə tədbirləri təşkil olunub.
İctimairey.az xəbər verir ki, tədbirdə işçi qrupunun sektor müdiri, Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sektor müdiri, Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Tərbiyə işinin təşkili idarəsinin əməkdaşları iştirak ediblər.
Görüşdə narkotiklərlə bağlı cinayət hadisələrinin profilaktikasından, eyni zamanda, dinləyicilərlə narkotiklərin insan orqanizminə məhvedici təsiri, törətdiyi sosial bəlalar və bu istiqamətdə mübarizənin təşkilində dövlətin rolu, narkotiklərdən zərər çəkmiş məhkumların reabilitasiyası və cəmiyyətə reinteqrasiyası barədə, eyni zamanda, QİÇS və bir sıra yoluxucu xəstəliklərin yayılması yolları haqqında ətraflı məlumat verilib.
Sonda Dövlət Komissiyasının işçi qrupu tərəfindən yeni forma və üslubda hazırlanmış zəruri maarifləndirici çap məhsulları məhkumlar arasında paylanılıb.