Avqustun 9-dən 14-dək “TEKNOFEST” festivalı çərçivəsində Türkiyənin Kütahya şəhərində təşkil edilən “Pilotsuz Uçuş Aparatları” (PUA) beynəlxalq müsabiqəsində əksəriyyəti azərbaycanlı tələbələrdən ibarət komanda bürünc medala layiq görülüb.
Festivalda İstanbulun Yıldız Texniki Universitetinin Elektronika və kommunikasiya fakültəsinin tələbələrindən ibarət “DroneX” komandası iştirak edib. “DroneX” 98 komandanın rəqabət apardığı final mərhələsində yüksək nəticə göstərərək ümumi hesabda üçüncü yerə yüksəlib.
Bununla bağlı komandanın kapitanı, Yıldız Texniki Universitetinin eyni bölümünün sonuncu kurs tələbəsi Davud Süleymanov çox böyük əmək nəticəsində əldə etdikləri bu mükafatı şanlı ordumuzun Qarabağ Zəfərinə həsr etdiklərini bildirib.
Müsabiqənin final mərhələsini izləyənlər arasında Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank da olub.
Qalib komandalara mükafatların 30 avqust-4 sentyabr arasında Türkiyənin Samsun şəhərində keçiriləcək “TEKNOFEST” festivalında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən təqdim olunması gözlənilir.
Günel Məlikova Azərtac