Başkənd əməliyyatının qəhrəmanı şəhid Məzahir Rüstəmovun xatirəsi anılıb

0

Uğurlu Başkənd əməliyyatının 30-cu ildönümü ilə bağlı Müdafiə Nazirliyi və Gədəbəy rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Azərbaycanın Milli Qəhrəmanı Məzahir Rüstəmovun şəhid olduğu Mutudərə yüksəkliyində və qəhrəmanın rayon mərkəzində ucaldılan tunc abidəsinin qarşısında “Heç kim unudulmur, heç nə yaddan çıxmır!” adlı vətənpərvərlik tədbiri keçirilib.

 

İctimairey.az xəbər verir ki, Müdafiə Nazirliyi rəsmilərinin, Gədəbəy rayon ictimaiyyəti nümayəndələrinin, şəhid qəhrəmanın valideynlərinin, döyüşçü dostlarının, eləcə də bölgənin müdafiəsində dayanan hərbi hissənin bir qrup əsgər və zabitinin iştirak etdiyi tədbirin iştirakçıları əvvəlcə Mutudərə yüksəkliyində bir neçə il öncə polkovnik A.Qurbaninin təşəbbüsü ilə yaradılan xatirə obeliskini ziyarət edərək qarşısına qızılgül çələngi qoyub və Milli Qəhrəman Məzahir Rüstəmovun timsalında respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsini ehtiramla yad ediblər.

 

Polkovnik A.Qurbani hərb tariximizin parlaq səhifələrindən olan Başkənd əməliyyatından, igid oğullarımızın mərdlik və şücaətlərindən, “Topçu İsgəndər” kimi tanınan Azərbaycanın Milli Qəhrəmanı İsgəndər Aznaurovun və digər qəhrəmanların fədakarlıqlarından geniş söhbət açıb, Milli Qəhrəman Məzahir Rüstəmovun hər bir gənc üçün örnək olan mənalı ömür və dastana çevrilmiş döyüş yolu barədə ətraflı məlumat verib

 

Nəzərə çatdırılıb ki, Məzahir Rüstəmov ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “Azərbaycanın Milli Qəhrəmanı” adına layiq görülüb, xatirəsi əbədiləşdirilib, haqqında kitablar yazılıb, sənədli filmlər çəkilib.
Şəhid Milli Qəhrəmanın anası Rəfiqə xanım və atası Əməkdar elm xadimi, professor İzzət Rüstəmov ulu öndər Heydər Əliyevdən və bu gün Müzəffər Ali Baş Komandan İlham Əliyevdən həmişə diqqət və qayğı gördüklərini söyləyib. Hər il övladlarının xatirəsinə tədbirlərin təşkilinə görə Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıq edib

 

Mutudərə yüksəkliyində Əməkdar artist Cahangir Qurbanov, tanınmış müğənni Vüqar Qarabağlının ifasında səslənən vətənpərvərlik mahnıları tədbir iştirakçılarına qürurverici və duyğulu anlar yaşadıb.

 

Mutudərə yüksəkliyində keçirilən tədbirdən sonra Gədəbəy şəhərinin mərkəzində Milli Qəhrəman Məzahir Rüstəmovun tunc abidəsi ziyarət olunaraq qarşısına Müdafiə Nazirliyinin adından çələng qoyulub, qərənfillər düzülüb.

 

Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Natiq Nağıyev tədbir iştirakçılarını salamlayaraq bütün xalqımız kimi, Gədəbəy sakinlərinin də Birinci Qarabağ müharibəsində, o cümlədən İkinci Qarabağ müharibəsində fəal iştirak etdiklərini vurğulayıb

 

Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin yaradıcı qrupunun təqdim etdiyi “Xatirələrdə, nəğmələrdə yaşayan şəhidlər” adlı ədəbi-bədii kompozisiya ilə anım mərasimi başa çatıb.

Leave A Reply

Your email address will not be published.

Tərcümə »