London hadisəsi əslində birbaşa Azərbaycana qarşı edilmiş hücumdur.

0

Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfirliyinin bir qrup radikal dini dəstənin hücumuna məruz qalması və bayrağımızın endirilərək yerinə dini bayrağın qaldırılması ölkəmizə və suverenliyimizə qarşı açıq-aşkar təxribatdır. Vyana konvensiyasına görə səfirliklər təmsilçisi olduğu ölkələrin suveren ərazisi hesab edilir. Bu baxımdan, baş vermiş hadisə əslində birbaşa Azərbaycana qarşı edilmiş hücumdur.

Biz Milli Həmrəylik Partiyası olaraq bu mənfur hərəkəti qətiyyətlə pisləyir, dost və müttəfiq Böyük Britaniya hökumətindən isə baş vermiş bu xoşagəlməz hadisənin detallı şəkildə araşdırılmasını, təxribatı törədənlərin hüquqi məsuliyyətə cəlb edilməsini gözləyirik.

Görünən budur ki, Azərbaycanın öz ərazisində – Qarabağda suverenliyini möhkəmləndirmək və Zəngəzur dəhlizinin açılmasına nail olmaq əzmkarlığı, 10 noyabr razılaşmasının şərtlərinin yerinə yetirilməsi istiqamətində prinsipial mövqe sərgiləməsi və “Qisas” kod adlı antiterror əməliyyatı keçirməsi yaxın-uzaq düşmənlərimizi yavaş-yavaş hərəkətə gətirir. Londondakı səfirliyimizə qarşı baş vermiş vandalizm aktı da məhz sözügedən hərəkətlənmənin uzantısıdır.

Odur ki, biz bundan sonra həm dövlət, həm də millət olaraq daha da ayıq-sayıq olmalı, dövlətçiliyimizə qarşı yönələn bütün hərəkətlərə qarşı barışmaz mövqe tutmalı, hamımız milli birlik və həmrəylik əhval-ruhiyyəsinə köklənməliyik. İstər xaricdəki, istərsə də daxildəki anti-Azərbaycan qüvvələrin məkrli niyyətlərinə qarşı vahid mövqedən çıxış etməliyik.

Uğrunda minlərlə insanımızın canını fəda etdiyi, şəhid olduğu üçrəngli bayrağımızı heç bir düşmən endirə bilməz! Biz bayrağımıza sahib çıxmağı bacaran dövlət və millətik!

Milli Həmrəylik Partiyası olaraq hesab edirik ki, siyasi mövqeyindən asılı olmayaraq hamımız bir yumruq kimi dövlətin ətrafında birləşməliyik. 44 günlük Vətən müharibəsi zamanı göstərdiyimiz həmrəylik ruhumuzu bu gün də diri saxlamalıyıq. Zaman birlik zamanıdır!

Yaşasın Azərbaycan! Daima zirvədə ol, dalğalan, ey şanlı Bayrağım!

Əlisahib Hüseynov,

Milli Həmrəylik Partiyasının sədri

 

Leave A Reply

Your email address will not be published.

Tərcümə »