ABŞ Senatının Nümayəndələr Palatasının sədri Nensi Pelosi Cənubi Koreyaya səfəri zamanı Birgə Təhlükəsizlik Bölgəsi kimi tanınan Hərbisizləşdirilmiş Zonaya səfər etməyi planlaşdırır. O, ABŞ-ın rəhbərlik etdiyi BMT komandanlığı və Şimali Koreyanın birgə nəzarətindədir. Bu barədə Cənubi Koreya rəsmisinə istinadən mediya məlumat yayıb.
Pelosinin 2019-cu ildən bəri əraziyə səfər edən ən yüksək rütbəli ABŞ rəsmisi olacağı bildirilir. O zaman ABŞ-ın eks prezidenti Donald Tramp ora səfər etmişdi.
Məlumata görə, Pelosi Phanmunjom kəndini ziyarət etməyi planlaşdırır. Məhz orada 1953-cü ildə Koreya müharibəsinin başa çatdığını göstərən atəşkəs imzalanıb.
Bundan əvvəl Nensi Pelosi Çinin öz dövlətinin bir hissəsi hesab etdiyi Tayvan adasına səfər edib. Bu, 25 ildə ilk dəfə idi ki, bu qədər yüksək səviyyəli amerikalı siyasətçi adaya gəlirdi. Pelosinin sözlərinə görə, onun səfəri “vahid Çin” prinsipinə zidd deyil, “ABŞ-ın Tayvan demokratiyasını dəstəkləmək öhdəliyinə” sübutdur.
Rusiyada konqresmen xanımın səfəri ciddi şəkildə pisləndi. Belə ki, Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Mariya Zaxarova siyasətçinin Tayvana səfərini tənqid edərək, bu addımı “Çin əhalisinə təhqir”, ABŞ-ı isə “dövlət təxribatçısı” adlandırıb.