“Hazırda Dağlıq Qarabağda təmas xəttində aktiv hərbi əməliyyatlar olmasa da, Qarabağ hakimiyyətinin fikrincə, vəziyyət son dərəcə gərgin olaraq qalır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 4-də hökumətin iclasında deyib.
Hökumət başçısının sözlərinə görə, bu gərginliyin azaldılması üzərində işləmək lazımdır. “Qeyd etmək istərdim ki, Ermənistan 9 noyabr 2020-ci il tarixli sazişlərin bütün bəndləri üzrə regionda sülhün və sabitliyin bərqərar olmasına və möhkəmləndirilməsinə yönəlmiş konstruktiv danışıqların aparılması siyasətini həyata keçirir. Azərbaycan bəyan edir ki, Ermənistan ölkənin qərb rayonları ilə Naxçıvan arasında əlaqənin təmin edilməsinə sadiqdir. Bəli, biz bu gün bu əlaqəni təmin etməyə hazırıq. Bizim verdiyimiz imkanlardan istifadə etməyən Azərbaycandır. Bu gün də bəyan edirik ki, onlar Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada respublikanın sərhədini keçərək, Azərbaycana gedə bilərlər. Ötən ildən bizdə də gömrük və sərhəd xidməti məntəqələri fəaliyyət göstərir. Bu məntəqələrin istənilən vaxt keçə biləcəyini və Naxçıvanla asanlıqla əlaqə yarada biləcəklərini Azərbaycana bildirdik. Yeni yolların tikintisinə gəlincə, üçtərəfli bəyanatda açıq şəkildə qeyd olunur: bu, qarşılıqlı razılaşma əsasında edilməlidir. Biz birbaşa bəyan edirik ki, onların marşrutu bizim üçün ikinci dərəcəli məsələdir. Əsas məsələ hüquqi prosedurların yaradılması və fəaliyyət göstərməsidir. Mən rəsmən bəyan edirəm ki, azərbaycanlılar bu gün bir neçə nöqtədə Ermənistan sərhədini keçərək, Naxçıvana tərəf gedə bilərlər. Hərfi mənada orada deyilir ki, biz Azərbaycanın qərb rayonlarının Naxçıvanla əlaqəsini təmin etməliyik. Azərbaycanın ən qərb bölgəsi Qazax bölgəsidir. Biz hazırıq. Gəlsinlər, keçsinlər Naxçıvana. Biz Ermənistan qanunvericiliyi ilə müəyyən edilmiş qaydada təhlükəsizliyə zəmanət veririk. Biz bunu Vardenisdə də, Sisianda da, Yerasxda da, Gorusda da təmin edə bilərik. Göstərilən müddətdə Azərbaycan bundan istifadə etməyə belə cəhd etməyib”, – deyə hökumət başçısı bildirib.
O, həmçinin Dövlət Gəlirləri Komitəsi və Milli Təhlükəsizlik Xidmətinin rəhbərlərinə müraciət edərək, Azərbaycanla Naxçıvan arasında əlaqəni təmin etməyi tapşırıb.