“Biz ana dilimizi, ana dilimiz isə bizi yaşadır”

0

1 Avqust – Azərbaycan dili və əlifbası Günü münasibəti ilə bütün soydaşlarımızı, dünyanın müxtəlif guşələrindəki bacı və qardaşlarımızı ürəkdən təbrik edirəm. Uşaqdan tutmuş böyüklərimizə, ağsaqqal və ağbirçəklərimizə qədər – bizim hər birimiz bu dilin daşıyıcıları və keşikçiləriyik. Biz ana dilimizi, ana dilimiz isə bizi yaşadır. Ona görə də ana dilimiz həm milli varlığımızın təsdiqi, həm də mənəvi sərvətimizdir, bizi qoruyan sipərimizdir.

Bizim varlığımız ana dilimizdən asılı olduğu qədər, ana dilinin də varlığı bizim onu nə dərəcədə qorumağımızdan, dilimizə qayğı ilə yanaşmağımızdan asılıdır. Biz həm şifahi nitqimizdə, həm də yazılı mətnlərimizdə ana dilinin təmizliyinin qayğısına qalmalı, dilimizin gözəlliklərini hər kəsə nümayiş etdirməyi bacarmalıyıq. Dilimizin saflığını qorumaq, onu inkişaf etdirmək hər birimizin vətəndaşlıq borcumuzdur.

Xalqımız öz folkloru ilə, ədəbi yaradıcılığı ilə ana dilimizi qədim zamanlardan bu günümüzə qədər yaşadıb, bugünkü nəsillərə çox gözəl bir miras qoyub. Sevindirici haldır ki, Azərbaycan dili indi sadəcə toplumun gündəlik ünsiyyət vasitəsi yox, həmçinin müstəqil dövlətimizin rəsmi dilidir. Əvvəllər ədib və şairlərimiz, aşıqlarımız, dastançılarımız tərəfindən ayaqda tutulan, yaşadılan ana dilimiz indi də dövlətimiz tərəfindən qorunur.

Belə ki, artıq uzun illərdir ki, avqustun 1-i Azərbaycan dili və əlifbası Günü kimi qeyd edilir. Bu əlamətdar gün ümummilli lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanına əsasən təsis edilib. Elə həmin Fərmanın əsasında da ölkəmizdə latın qrafikalı Azərbaycan əlifbasına keçid 2001-ci ilin avqustunda bütövlükdə təmin edilib. Bu addım müstəqil Azərbaycanın ictimai-siyasi həyatında, yazı mədəniyyətimizin tarixində olduqca mühüm hadisədir.

Ancaq milli və mənəvi varlığımızın aynası olan ana dilimizin saflığının və zənginliyinin qorunması təkcə dövlətdən asılı deyil. Hər birimiz ana dilimizin qorunması və inkişafı naminə, dilimizin övladlarımıza və gələcək nəsillərə daha yaxşı şəkildə ötürülməsi naminə səylə çalışmalıyıq. Çünki ana dilimiz milli birliyimizi, həmrəyliyimizi qoruyan başlıca ünsiyyət vasitəsidir.

Biz elə etməliyik ki, harda yaşamağımızdan asılı olmayaraq övladlarımız ana dilimizi sevsinlər, gənclərimiz bu dildə bizdən daha yaxşı danışsınlar. Dilimizin Türk dünyasının ən fəal, aparıcı dillərindən birinə çevrilməsi də əsas vəzifələrimizdən biri olmalıdır. Bir sözlə, dilimizin yayılma və istefadə arealının genişlənməsi üçün hər şeyi etməliyik. Bu bizim müqəddəs borcumuzdur!

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »