Kiyev işğal altındakı cənubi Xerson bölgəsini geri almaq üçün səylərini artırdığı bir vaxtda, Rusiya Ukrayna boyu ölümcül zərbələr endirib.
Rəsmi məlumatlara görə, mərkəzi Kropivnitski şəhərinə raket hücumu nəticəsində 5 nəfər ölüb, 26 nəfər yaralanıb, çərqdə yerləşən Baxmutda 3 nəfər ölüb.
Kiyev yaxınlığında hərbi bazada 15 nəfər yaralanıb. Ukraynanın şimal və cənub bölgələri də zərər çəkib.
Bu, Ukraynanın ölkənin cənubunda Rusiya qüvvələrini təcrid etməyə çalışdığı vaxta təsadüf edir.
Ukrayna qüvvələrinin ABŞ-ın verdiyi uzaqmənzilli raketlərdən atəşə tutması nəticəsində Xerson şəhərinə gedən əsas körpü sıradan çıxıb. Bu, Rusiyanın Antonovski körpüsündən bölmələri və silahları ötürməsini qeyri-mümkün edib.
Böyük Britaniya Müdafiə Departamentinin rəsmiləri deyirlər ki, fevralın 24-də Rusiya işğalı başlayandan bəri Ukrayna regionunda ələ keçirilən yeganə paytaxtın hazırda “işğal olunmuş digər ərazilərlə əlaqəsi faktiki olaraq kəsilib”.
Bununla belə, Ukrayna hərbçiləri xəbərdarlıq edib ki, Moskva indi Xerson vilayətini qorumaq üçün, öz qüvvələrini Ukraynanın şərqindən köçürür.
Rus əsgərlərinin zədələnmiş körpünün yaxınlığında ponton keçidi qurmağa çalışdığı iddia edilən fotolar yayılıb.
Xersona nəzarət Rusiya üçün vacibdir, çünki o, 2014-cü ildə Kreml tərəfindən işğal edilmiş Ukraynanın cənub yarımadası Krıma quru dəhlizi təmin edir.
Çərşənbə axşamı yerli vaxtla saat 12:20 radələrində Kirovoqrad vilayətinin paytaxtı Kropivnitskidə uçuş məktəbini iki Rusiya raketi vurub, regionun rəhbəri Andrey Raykoviç brifinqdə bildirib.
Donetsk vilayətinin şərqində yerləşən Baxmutda Rusiyadan atəşə tutulması nəticəsində azı 3 nəfər ölüb, daha 3 nəfər yaralanıb, 12 evə ziyan dəyib, regionun rəhbəri Pavel Kirilenko bildirib.
Bundan əlavə, Rusiyanın 6 “Kalibr” raketinin Kiyevdən təxminən 10 km şimalda yerləşən Lyutij hərbi bazasını vurması nəticəsində 15 nəfər yaralanıb, Ukrayna ordusunun yüksək rütbəli rəsmisi Oleksiy Qromov bildirib. O, ölənlərin olub-olmadığını dəqiqləşdirməyib.
Digər yerlərdə isə, Rusiyanın Ukraynanın Dnepropetrovsk vilayətinin mərkəzi-şərq bölgəsini atəşə tutması nəticəsində bir nəfər ölüb, iki nəfər yaralanıb, yerli hakimiyyət orqanları bildiriblər.
Rusiya prezidenti Vladimir Putinin Ukraynaya hücumuna başlamasından 5 ay sonra Qərb müttəfiqləri Moskvanın təcavüzünü pisləməkdə davam edir.
Cümə axşamı ABŞ, Kanada və 36 Avropa ölkəsi işğal başlayandan bəri pisləşən Rusiyanın insan haqlarının vəziyyətini araşdırmaq üçün, ekspert missiyası yaratdıqlarını açıqlayıb.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) vasitəsilə fəaliyyət göstərən ölkələr Moskvanı müxalifətə qarşı daxili təzyiqləri gücləndirməkdə ittiham edir.
Qrup bəyanatında təcridxanalardakı işgəncələrlə bağlı xəbərlərdən də narahatlığını ifadə edib.
Sentyabrda onun ekspertləri hesabat dərc edəcək və Rusiya hakimiyyətinin vəziyyətdən necə çıxa biləcəyinə dair tövsiyələr verəcək.
Rusiya ATƏT-in uzun müddətdir üzvü kimi insan hüquqları və digər demokratik prinsiplər sahəsində öhdəlikləri yerinə yetirməyə əvvəllər razılaşıb.