Ukrayna Qərb silahları ilə Rusiyanın Qara dəniz donanmasını məhv etməyə və Krımı geri qaytarmağa hazırlaşır. Bunu Britaniyanın “The Times” qəzetinə müsahibəsində Ukrayna müdafiə nazirinin müavini Volodimir Qavrilov deyib.
“Onlar öz təcavüzlərinin əvəzini verməlidirlər”, – Qavrilov Ukrayna hərbi təlimlərini izləyən Böyük Britaniyaya səfəri zamanı deyib.
Onun sözlərinə görə, Ukrayna silahlı qüvvələri öz gəmi əleyhinə raket imkanlarını inkişaf etdirir və hücuma keçmək üçün, başqa ölkələrdən daha uzun mənzilli silahların gəlməsini gözləyir.
Nazir müavini əlavə edib ki, Qara dənizin rus qoşunlarından “təmizlənməsi” İlan adasından başlayıb və növbəti sırada Rusiya Qara dəniz donanması dayanır. Qavrilovun sözlərinə görə, bu, qaçılmazdır, çünki bu, Ukraynanın təhlükəsizliyinin yeganə yoludur.
Ukrayna Müdafiə Nazirliyinin sözçüsü vurğulayıb ki, Rusiya dövlət kimi mövcudluğunu davam etdirmək istəyirsə, Krımdan imtina etməlidir.
Bundan əvvəl Rusiya Federasiyası Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Krımı təhdid edən ukraynalı siyasətçilərə qiyamətlə bağlı xəbərdarlıq edib. O, Krımdakı obyektlərə potensial hücuma Rusiyanın cavabı “çox çətin” olacağını vəd edib.