Azərbaycan İrəvan və Moskvanın imitasiya ilə məşöul olmasına göz tummaq fikrində deyil

0

10 noyabr razılaşmasının altında üç ölkənin – Azərbaycan, Ermənistan və Rusiyanın dövlət və hökumət başçılarının imzası var. Azərbaycan öz imzasına hörmətlə yanaşan tərəf kimi və qalib ölkə kimi sözügedən razılaşmanın bütün şərtlərinə tam məsuliyyətlə və dəqiqliklə əməl edir. Ancaq eyni sözü əfsuslar olsun ki, 10 noyabr razılaşmasının digər subyektləri barədə söyləmək hələlik mümkün deyil.

Nə qarantor, zəmanətçi və vasitəçi ölkə kimi Rusiya, nədəki 44 günlük müharibənin məğlub tərəfi kimi Ermənistan rəhbərliyi öz üzərlərinə götürdükləri öhdəlikləri vaxtında və gərəkən tərzdə yerinə yetirmir. Bu isə rəsmi Bakını əsla qane edə bilməzdi. İndiyə qədər təmkinliliuk nümayiş etdirən və sözügedən razılaşmanın bəndlərinə tərəflərin hər birinin əməl etməsinin vacibliyini hər dəfə diplomatik nəzakət ritorikası ilə İrəvanın və Moskvanın diqqətinə çatdıran Azərbaycan tərəfinin günün birində sərt və tələbkar mövqeyini ortaya qoyacağı gözlənilən idi.

Biz iyulun 15-də 2022-ci ilin ilk altı ayının yekunlarına həsr olunan müşavirədə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışında səsləndirdiyi bəzi fikirlərə də məhz bu kontekstdən yanaşmalıyıq. Çıxışı zamanı olduqca aktual məsələlərə toxunan dövlət başçısı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması naminə bir tərəfdən sülhə çağırış, digər tərəfdən isə Paşinyan iqtidarına açıq xəbərdarlıq edərək Azərbaycanın “qırmızı cizgi”lərini ortaya qoydu, 10 noyabr bəyanatının icra edilməyən maddələrinin təcili surətdə yerinə yetirilməsinin vacibliyini vurğuladı.

Prezident sözügedən bəyanatın 4-cü bəndinin, yəni işğalçı qüvvələrin Azərbaycan ərazilərindən hələ də çıxarılmamasının üzərində xüsusilə dayandı. Əslində, 44 günlük müharibənin bitməsindən az qala iki il keçməsinə baxmayaraq bu məsələnin hələ də öz həllini tapmamasının günahı təkcə Ermənistan tərəfində deyil. Əlbəttə, Ermənistanın Moskva və Brüsselin vasitəçiliyi ilə əldə edilmiş razılaşmalardan müxtəlif bəhanələrlə yayınmağa çalışması, əlavə vaxt udmağa cəhd göstərməsi göz qabağındadır. Ancaq burada əsas məsuliyyət ilk növbədə Rusiyanın üzərinə düşür. Çünki Rusiya həm zəmanətçi, həm də vasitəçi ölkədir.

Rusiya Ermənistanın işğalçı ordusunun qalıqlarının Azərbaycanın Qarabağ ərazisindən çıxarılacağına zəmanət verib və buna imza atıb. Müharibədən sonrakı dönəmdə də Rusiya bu məsələnin tezliklə həll olunacağına söz verib. Həmin vədə əsasən, Rusiya bu ilin may-iyun aylarına qədər bu məsələni artıq tam çözməliydi. Lakin həmişəki kimi Kreml bu dəfə də sözdən o yana bircə addım da atmadı. Bu isə şübhəsiz ki, rəsmi Bakını heç bir halda qane edə bilməz. Azərbaycan İrəvan və Moskvanın imitasiya ilə məşğul olmasına göz yummaq və yenə də uzun illər davam edə biləcək səmərəsiz danışıqlar aparmaq fikrində deyil.

Bakı 10 noyabr razılaşmasının şərtlərinin həyata keçirilməsi istiqamətində real addımların atılmasını tələb edir. Dövlət başçımız da müşavirədəki çıxışında bununla bağlı Bakının qəti mövqeyini ortaya qoydu. Zənnimizcə, bu çıxışdan sonra İrəvan və Moskva üçün artıq heç bir bəhanə yeri, hiyləgər manevr imkanları qalmadı. Növbəti bəhanələr və hiylələr yalnız yeni hərbi əməliyyatların başlanması ilə nəticələnə bilər. Bakı bununla bağlı xəbərdarlıq etdi. İlham Əliyev açıq mətnlə bildirdi ki, Azərbaycanla saxta “sülh” oyunları oynamaq olmaz.

Ermənistanın sülh istiqamətində addımlardan yayınması, Paşinyanın həmişəki kimi qeyri-konstruktivlik nümayiş etdirməsi və üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməməsi real sülhə deyil, real münaqişə təhlükəsinin yaranmasına xidmət edir. Əgər Ermənistan tərəfi Azərbaycan ərazisindən öz silahlı birləşmələrini çıxarmaq istəmirsə, minaların dəqiq xəritələrini vermək istəmirsə, Zəngəzur dəhlizinin Mehri hissəsində tikiləcək dəmir yolunun texniki-iqtisadi əsaslandırılmasını təqdim etmirsə və Qarabağdakı ermənilər üçün “status” tələb etmək iddialarına son qoymağa hazırlaşmırsa, onda bütün bunları bizə açıq bildirsin, biz də necə deyərlər, öz işimizi bilək.

Daha doğrusu, biz öz işimizi bilirik və nə edəcəyimizi də çox yaxşı bilirik. Lakin Ermənistanın məsuliyyətsiz revanşist qüvvələrindən fərqli olaraq rəsmi Bakı yeni müharibə tərəfdarı deyil. Biz hər şeyi hərbi məcburetmə yoluyla çözməyə çalışmırıq. Azərbaycan qalib tərəf olsa da, amma zora yox, sağlam təfəkkürə, rasional siyasətə üstünlük verir. İrəvan və Moskva da rasional siyasət yürütməyə, öhdəliklərə əməl etməyə borcludur.

Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri

Leave A Reply

Your email address will not be published.

Tərcümə »