İsti yay günlərində sərin qarpızı pendir və isti təndir çörəyi ilə yemək çox sevilir. Lakin bir müddət sonra mədədə narahatlıq hiss olunmağa başlayır.
İctimairey.az xəbər verir ki, həkim-terapevt Nazilə Xəlilbəyovanın dediyinə görə, qarpız orqanizm üçün çox xeyirli giləmeyvə olsa da, çörəklə birlikdə yeyilməsi zərərli ola bilər: “Qarpız az qala bütünlüklə sudan ibarət olan giləmeyvədir. Lakin onun tərkibində fruktoza və qlükozanın olduğunu da unutmaq olmaz. Onun karbohidrat xüsusiyyəti ilə çörəyin içində olan karbohidrat üst-üstə düşəndə şəkərin kəskin qalxması, arterial təzyiqin yüksəlməsi, üstəgəl qarpızın tərkibində olan fruktoza və qlükoza çörəklə birlikdə böyrəklərə böyük gərginlik verir. Lakin qarpızın pendirlə yeyilməsi mədə-bağırsaq sistemində daha rahat həzm olunur. Pendirin tərkibinin 90 faizi proteindən, yəni zülaldan ibarətdir. Zülalla karbohidratın birləşməsi zamanı orqanizmə kəskin mənfi təsir hiss olunmur”.
Bəzən qarpız yeyərkən tumları çıxarılır və onun mədəyə getməsinin yan təsirlər verəcəyini düşünürlər. Həkim-terapevtin dediyinə görə, bu, tamamilə yanlışdır. Qarpızın tumunda olan B12 vitamini xərçəng xəstəliyinin qarşısını alır.
Yemiş də yayın sevimli qidaları sırasına aiddir. Lakin onun da yeyilmə qaydasına, xüsusən də balla yeyilməsinin yolverilməz olduğunu həkim-terapevt belə izah edib: “Yemişin tərkibində qlükoza həddən artıq çoxdur. Onu heç bir halda acqarına yemək olmaz. Yemişi qida qəbul etdikdən sonra yemək lazımdır, çünki acqarına olanda yemiş boş mədəyə gedərkən çoxlu zərərli maddələr ifraz edir. Ona görə yemişi nə acqarına yemək, nə də yeməklə qarışdırmaq olmaz. Xüsusilə balla qarışdırmaq olmaz, çünki yemişin tərkibində olan bir sıra maddələr balla reaksiyaya girir, yapışqan kimi bərk bir kütlə əmələ gətirir və həmin kütlə mədənin divarlarında ilişərək uzun müddət qala bilər. Mədə onu aşağı ötürəndə bağırsaq divarında keçməməzlik yarana bilər”.
Həkim-terapevt onu da qeyd edib ki, səhər yeməyində bal yeyilibsə, 3-4 saat sonra rahatlıqla yemiş yemək olar.