Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, danışıqlar Tehranda keçiriləcək.
Rusiya prezidenti Vladimir Putin gələn həftə İrana səfər edəcək və burada iranlı və türkiyəli həmkarları İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə çərşənbə axşamı jurnalistlərə Kremlin sözçüsü Dmitri Peskov bildirib.
“Bəli, bunu təsdiqləyə bilərik. Həqiqətən də prezidentin Tehrana səfəri hazırlanır. Astana prosesinin, bildiyiniz kimi, Suriya nizamlanması prosesinin təminatçısı olan dövlət başçılarının görüşü olacaq”, – Peskov bildirib.
Rusiya liderinin mətbuat katibi dəqiqləşdirib ki, səfər iyulun 19-na planlaşdırılıb.
“Üçtərəfli görüşdən əlavə, təbii ki, ikitərəfli görüşlər də olacaq. Dünən biz Putin və Ərdoğan arasında gözlənilən yüksək səviyyəli təmaslar barədə məlumat vermişdik və bu görüş də orada baş tutacaq”, – o əlavə edib.
Suriyadakı böhranın sülh yolu ilə həlli üçün, Astana prosesi Türkiyə, Rusiya və İranın təşəbbüsü ilə 2017-ci ildə başlayıb. Bu format çərçivəsində məsləhətləşmələr həmçinin BMT-nin himayəsi altında Cenevrədə aparılan Suriya nizamlanması üzrə diplomatik prosesin təşviqinə töhfə verir.