Neftçala Rayon İcra Hakimiyyətinin (RİH) dəstəyi və Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin təşkilatçılığı ilə Vətən Müharibəsi Qəhrəmanı şəhid baş gizir Camal İsmayılovun anadan olmasının 38-ci ildönümü münasibətilə tədbir keçirilib. “Hadrut fatehi” şəhid Camal İsmayılovun anım günündə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin ailə üzvləri, döyüş yoldaşları və şəhid valideynləri iştirak ediblər.
İctimairey.az xəbər ki, tədbir iştirakçıları əvvəlcə Neftçala rayonundakı Şəhidlər xiyabanını ziyarət edib, dəfn olunan şəhidlərimizin, o cümlədən Camal İsmayılovun məzarı üzərinə tər gül dəstələri düzüblər.
Sonra tədbir iştirakçıları və rayonun qonaqları Camal İsmayılov adına Uşaq İncəsənət Məktəbinə gələrək şəhidin yenicə hazırlanan büstünün açılışında iştirak ediblər. Büstün açılışı zamanı rayon icra hakimiyyətinin başçısı çıxış edərək Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən, döyüşlər zamanı şəhid və qazilərimizin, o cümlədən Camal İsmayılovun göstərdiyi şücaət və qəhrəmanlıqlardan söz açıb. O, bu gün ölkə rəhbərliyi tərəfindən şəhid ailələri və müharibə iştirakçılarına göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya rayon ictimaiyyəti və şəxsən öz adından dərin minnətdarlığını bildirib.
Tədbirdə iştirak edən Camal İsmayılovun anası Filara İsmayılova, övladı Əsnad İsmayılova, həmçinin şəhidin döyüş yolundan bəhs edən “Hadrud Fatehi” kitabının müəllifi Elnur Abdiyev, C.İsmayılovun döyüş yoldaşları və onunla eyni taborda vuruşub şəhid olmuş döyüşçülərin valideynləri çıxış ediblər. Öz şücaəti ilə tarix yazan şəhid Camal İsmayılov barəsində xoş xatirələrini bölüşən çıxışçılar bu məzmunlu tədbirlərin gənc nəslin vətənpərvərlik ruhda yetişməsində müstəsna əhəmiyyətə malik olduğunu vurğulayıblar.
Büstün açılışından sonra tədbir Camal İsmayılov adına Neftçala rayon Uşaq İncəsənət Məktəbinin konsert zalında Azərbaycan Milli Konservatoriyasının nəzdində fəaliyyət göstərən Sumqayıt Musiqi Kolleci və incəsənət məktəbinin birgə hazırladıqları konsert proqramı ilə davam etdirilib. Tədbirin bədii hissəsindən əvvəl Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı şəhid olan hərbi qulluqçularımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Konsert proqramında Sumqayıt Musiqi Kollecinin xor və kamera orkestrinin və Camal İsmayılov adına Neftçala şəhər Uşaq İncəsənət Məktəbinin şagirdlərinin birgə hazırladıqları kompozisiyalar nümayiş olunub.
Konsert proqramından sonra şəhid Camal İsmayılovun əziz xatirəsinə hörmət əlaməti olaraq ailəsi tərəfindən ehsan süfrəsi təşkil edilib. Azərtac