Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən ötən sutka ərzində 104 yanğına çıxış və 8 halda köməksiz vəziyyətdə qalma faktı üzrə qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
İctimairey.az-a FH-in mətbuat xidmətindən bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.
Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən sutka ərzində 5-i azyaşlı olmaqla 15 nəfər, o cümlədən “Mərdəkan”, “Bilgəh”, “Astara” sularda xilasetmə məntəqələrinin ərazisində çimərkən batma təhlükəsi ilə üzləşən 4 nəfər xilas edilib.
Fövqəladə Hallar Nazirliyi üzərinə düşən vəzifələrinin icrası, o cümlədən əhalinin və ərazilərin təbii və texnogen xarakterli fövqəladə hallardan qorunması istiqamətində fəaliyyətini davam etdirir.