Özbəkistanın müstəqil xarici siyasət yürütmək mövqeyindən çıxış etməsi, Qərblə münasibətlərini inkişaf etdirməsi, ABŞ-la Özbəkistan arasında hərbi əməkdaşlığın get-gedə genişləndirilməsi, Şövkət Mirziyoyevin Azərbaycan və Türkiyə ilə əlaqələri sıxlaşdırması, onun türk birliyinin araya-ərsəyə gətirilməsi istiqamətində real addımlar atması, görünür, bölgədə maraqları olan digər geosiyasi gücləri xüsusilə qıcıqlandırmağa başlayıb. Son günlərdə Özbəkistanın Qaraqalpaqıstan bölgəsində yaşanan gərginliklər, baş verən qanlı olaylar tanış “ssenari”ləri xatırladır. Qaraqalpaqlar süni surətdə separatçılığa sürüklənir, təhrik edilir. Bu hadisələr açıq-aşkar kənardan idarə olunan ənənəvi separatçılıq “ssenari”sinin tərkib hissəsidir.
Postsovet məkanında separatçılığı körükləyən əsas qüvvə isə həmişə keçmiş imperiya mərkəzi olub. İmperiya hansı ölkəni hədəfinə alıbsa, ilk növbədə həmin ölkədəki “beşinci kolon”çulardan, separatçı qüvvələrdən istifadə etməyə çalışıb. Hazırda Qaraqalpaqıstanda baş verənlər də oxşar sxem üzrə cərəyan edir. Özbəkistanın unitar əsaslı güclü dövlətə çevrilmək planlarının qarşısını məhz bu cür ənənəvi üsulla – “parçala və hökm sür” siyasəti ilə almağa çalışırlar. Mərkəzi Asiyanın iki ən önəmli ölkəsindən biri sayılan Özbəkistanın Turan birliyinə hədəflənməsini bu yolla əngəlləmək istəyirlər.
Lakin biz ümid edirik ki, Özbəkistan Prezidenti Şövkət Mirziyoyev təcrübəli bir siyasi lider kimi tezliklə ölkəsinin bu çətin mərhələni uğurla adlamasını təmin edəcək, Özbəkistan yenidən sabit inkişaf və yüksəliş yoluna qədəm qoyacaq. Bu gün bütün özbəklərin milli birlik, həmrəylik nümayiş etdirməsi zəruridir. Qaraqalpaqlar da xarici güclərin əlində alətə çevrilməkdən, separatçılığa meyllənməkdən əl çəkməlidirlər. Separatçılıq yolunu seçmək Türk dünyasına zərbə vurmaq yolunun seçilməsi deməkdir. Qaraqalpaqlar bu cür kirli oyunların baş tutmasına əsla yol verməməlidirlər.
Separatçılıq indiyə qədər heç bir topluma xoşbəxtlik və müstəqillik gətirməyib. İllüziyalardan əl çəkmək lazımdır. Demək olar ki, tamamilə səhra iqliminin hökm sürdüyü, əkinçilik üçün səmərəli və münbit şəraitin mövcud olmadığı bir ərazidə yaşayan qaraqalpaqlar yalnız özbəklərlə birlikdə xoşbəxt gələcəklərini təmin edə bilərlər. Biz azərbaycanlılar da qardaş Özbəkistanda hüzur və əminamanlığın tezliklə bərqərar olması, siyasi sabitliyin təmin edilməsi üçün dua edirik.
Əlisahib Hüseynov,
Milli Həmrəylik Partiyasının sədri
Comments are closed.