Ölkəmizin bütün ali məktəblərində olduğu kimi, Gəncədə fəaliyyət göstərən Azərbaycan Dövlət Aqrar Universitetində də (ADAU) 2021-2022-ci tədris ilinin yaz imtahan sessiyası artıq başa çatmaq üzrədir.
Hər imtahan sessiyası öncəsi Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun sosial şəbəkə üzərindən ictimaiyyətə olduqca səmimi dəvətiyyə çağırışlar edib. Rektor imtahanların şəffaf və ədalətli keçirilməsi məqsədilə ictimaiyyət nümayəndələrini, valideynləri, təhsil ekspertlərini, rəsmi şəxsləri və media mənsublarını, bir sözlə marağı olan hər kəsi aqrar təhsil ocağında müşahidələr aparmağa dəvət edib.
Rektorun bu xoş çağırışına reaksiya verərək müstəqil media mənsubu və QHT rəhbəri kimi ADAU-da yaz semestrinin imtahan sessiyasında iştirakı məqbul hesab etdik.
Bu mənim ADAU ilə ikinci tanışlığım idi deyə hansı tədris korpusunun harada yerləşdiyini yaxşı bilsəm də, universitetin sözçüsü Elcan Məmmədovun müşayəti ilə əvvəlcə baytarlıq təbabəti fakültəsinin müxtəlif ixtisaslı tələbələrinin imtahanlarını izlədik. Qeyd edək ki, imtahanlar universitetdə Boloniya təhsil prosesinin tələblərinə uyğun şifahi, yazılı və kompüter test üsulları ilə aparılırdı. Bununla bağlı imtahan keçirilən otaqların qapısına məlumat lövhələri yapışdırılıb. İmtahan formalarının seçilməsində fənlərin xüsusiyyətləri nəzərə alınmaqla müəyyən olunub. Universitetin rektoru, professor İbrahim Cəfərovun müvafiq əmri ilə imtahanların şəffaf və obyektiv keçirilməsi üçün hər cür şərait yaradılıb.
Rəhbərlik universitetdə tədrisin keyfiyyətinin yüksəldilməsi, imtahanların təşkili, keçirilməsi, idarə edilməsi, imtahanlara və keyfiyyətə nəzarət, qiymətləndirmə və keyfiyyətə təminat sahəsində bir sıra funksiyaları həyata keçirib. İmtahanların aparılmasında, nizam-intizama və eləcədə onun gedişinə nəzarət etmək məqsədilə qeyri-ixtisas fənnlər üzrə müəllimlər təyin edilib. Nəzarətçi müəllimlər imtahan başlamazdan əvvəl imtahanda nəzarətçi qismində təyin olunduqları barədə məlumatlandırılır, təlimatlandırılır və imtahanlara buraxılır.
Rektor tərəfindən imtahanların keçirilməsi zamanı mütəmadi müəyyən taktiki dəyişiklər edilir ki, bu da şəffaflığın təmin edilməsinə şərait yaradır. Həmçinin, imtahan sessiyasında ictimai nəzarəti təmin etmək məqsədilə valideynlərin və KİV nümayəndələrinin imtahanlarda iştirakına maneəsiz şərait yaradılır. Tələbələr arasında imtahanların gedişi barədə anonim sorğular aparılır.
Həmçinin, imtahan prosesi zamanı sakitliyi təmin etmək üçün tərtib olunmuş cədvələ uyğun olaraq, müəllimlərdən ibarət növbətçilik təşkil olunub. Tələbələrin, valideynlərin və digər şikayətçilərin rəhbərlik ilə əlaqəsini operativ təmin etmək üçün “Qaynar xətt” də yaradılıb. İmtahandan sonra tələbələrin biliyinin qiymətləndirilməsi zamanı baş verə biləcək anlaşılmazlıqları aradan qaldırmaq üçün Apelyasiya Komissiyası yaradılıb.
Onu da öyrəndik ki, universitetdə hər gün imtahanlar başlamazdan əvvəl ötən günün imtahan nəticələri barədə təhlil və müzakirələr aparılır. Rektor neqativ halların, çatışmazlıqların, yaranan problemlərin aradan qaldırılması istiqamətində müvafiq dekanlıqlar, kafedra müdrləri, həmçinin imtahan götürən müəllimlər və nəzarətçilər qarşısında ciddi tələblər qoyur, imtahanların əsasnaməyə uyğun olaraq keçirilməsi istiqamətində tapşırıq və tövsiyələrini verir. Pedaqoji heyəti maraqlandıran suallara, məsələlərə aydınlıq gətirilir. Məqsəd imtahanların tam obyektiv və şəffaf keçirilməsinin təmin edilməsi, eyni zamanda, təhsilalanların bilik və bacarıqlarının dəqiq müəyyənləşdirilməsidir.
İlk olaraq yuxarıda adıçəkilən fakültənin müxtəlif ixtisaslı tələbələrinin iki şifahi üsulla keçirilən imtahanda iştirak etdik. Universitetdə imtahanların şəffaflığını qorumaq, tələbələrin biliklərini sərbəst şəkildə nümayiş etdirmək məqsədilə hər cür şərait yaradıldıldığını şahidi olduq. Tələbələr sərbəst şəkildə imtahan verir, heç bir müdaxilə, təzyiq və ya sıxıntı ilə üzləşmirlər.
İmtahandan çıxan bir neçə tələbə, prosesi izləyən bə dəhlizdə gözləyən bəzi valideynlərlə də həmsöhbət olduq. Ümumi təəssürat belə oldu – imtahanlar şəffaf və demokratik formada keçirilir, yaradılan şəraitə görə rektora təşəkkür edilib. Həmsöhbətlərim təkcə imtahanın keçirilməsindən yox, ümumiyyətlə, universitetdə yaradılan şəraitdən, tələbəyə verilən yüksək dəyərdən, xüsusilə rektor İbrahim Cəfərovun onlara diqqət və qayğısından bəhs etdilər. Zatən gördüklərimiz yetərli idi…
Daha sonra həmin fakültənin əczaçılıq ixtisasının birinci kurs tələbələrinin test üsulu ilə keçirilən imtahan prosesində iştirak etdik. İmtahan başlamazdan öncə, dəhlizdə var-gəl edən tələbələrə yaxınlaşdıq.
Ahmed Rauf Ertekin Türkiyədən gəlib. Burada yaradılan şəraitdən çox razı qaldığını dedi: “Həm təhsil, həm də bizə münasibət əladır. Hətta deyərdim ki, burada oxuyan əcnəbi tələbələrə yerlilərdən daha çox qayğı göstərilir. İmtahanlar isə çox ciddi götürülür, heç bir tapşırıq, rüşvət söhbəti ola bilməz. Payız imtahanında Azərbaycan tarixi fənnindən kəsirim qalıb. Bu imtahanım verib, ona hazlrlaşacam”.
Tələbə evindəki şəraitlə bağlı bir neçə sual da verdik. Ahmed dedi ki, günə 1 manata qalırıq, ən yüksək səviyyədə bütün şərait yaradılıb: “Valideynlərlə görüş otağımız var, ərzaq mağazamız, tibb kabineti, yeməkxana, idman zalımız, çamaşırxana…bir sözlə kənara çıxmadan burada yaşamaq, istirahət etmək üçün bütün şərait var. Eynən Türkiyə universitetlərində olduğu kimi”.
Ahmedin dostu Furkan Tanguneri də söhbətə qoşduq. O da ADAU- da yaradılan şəraitdən razı qaldığını dedi. Hətta onu da vurğuladı ki, heç Türkiyədə tələbənin təhsil almadına belə bir şərait yaradılmayıb.
Tələbələr – Nuranə Qasımova,, Şeyma Gecit, Yusif Mənsimov, Aydan Əlizadə, Samirə Məmmədova da ADAU-da yaradılan şəraitdən ağızdolusu danışdılar bə rəhbərliyə minnətdar olduqlarını dedilər.
Saat 2-də test üsulu ilə İmtahan başladı. Zala daxil olan tələbələr yoxlanılır, nəzarətçi müəllimlər öz yerlərində, sakitlik, nizam-intizam… Hər bir tələbə kompüter arxasına keçib şəxsi kabinetinə daxil olub imtahan suallarına cavab yazırlar.
Digər fakültələrin tələbələrinin də imtahanlarını müşahidə etdik…
Vaxtın azlığını nəzərə alıb Tələbə yataqxanaların, yeməkxana ilə də tanış olduq. Paytaxtın 4 ulduzlu otelləri ilə rəqabətə girəcək bir yataqxanalar. Yeməkxanada isə tələbələr ucuz və keyfiyyətli yeməklərlə təmin olunurlar. Naharını bitirən bir neçə tələbə ilə də həmsöhbət olduq. Göstərilən xidmətdən, təmizlikdən, yeməklərin dadından razılıqlarını bildirdilər. Hətta dedilər ki, 1.70-2 manata nahar etmək olar.
Bir sözlə, ADAU haqqında yazı bir qəzet səhifəsinə sığmaz. Universitetlə tanış olmaq üçün ən azı 3 gün vaxt lazımdır. Adau.edu.az saytında universitetlə bağlı geniş və dolğun məlumatlar yerləşdirilib. Kiməsə inanılmaz görünə, kimisə təəccübləndirə bilər. O zaman bizim kimi təşrif buyurun ADAU-ya, yazılan və deyilənləri öz gözlərinizlə görün. ADAU sözlə deyiləsi, qələmlə yazılası deyil…
Cavid
Bakı-Gəncə- Bakı
Comments are closed.